Azərbaycanın bir çox guşələri hansısa əlamətdar hadisəni yaşadan, bir əfsanəni canlandıran tarix səhifələridir. Onların bəziləri milli-mədəni tariximizin daş yaddaşı, bəziləri qəhrəmanlıq, şücaət mənbəyi kimi and yerimiz, ziyarətgahımızdır. Bu gün Vətən sözünün sinonimi kimi hər birimiz üçün müqəddəs olan bir yerimiz də var - Şəhidlər xiyabanı...
Millətimizin öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, öz milli iradəsini nümayiş etdirdiyi 20 Yanvardan 24 il keçir. Şəhidlərimizin uyuduğu müqəddəs məkan - Şəhidlər xiyabanı and yerimizə çevrilib. Bu, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkandır.
Azərbaycanın təcrübəli bələdçilərindən olan Süleyman Süleymanov deyir ki, ölkəmizə gələn qonaq Şəhidlər xiyabanını ziyarət etməlidir. Müxtəlif dövlət qurumlarının və turizm şirkətlərinin xətti ilə Bakıya gələn qonaqlara bələdçilik etdiyini deyən həmsöhbətim şəhərdaxili turlara həmişə bu məkana ziyarətin daxil edildiyini bildirdi: «Özüm tarixçi olduğuma görə 1990-cı ildə Azərbaycanda baş verən siyasi hadisələr, qanlı 20 Yanvar tarixinin səbəbləri haqqında qonaqlara ətraflı məlumat verirəm».
Sorğu apardığımız turizm şirkətlərinin təmsilçiləri bildirdilər ki, təkcə 20 Yanvar ərəfəsində deyil, bütün il boyu həyata keçirilən şəhər turlarına Şəhidlər xiyabanı daxildir. Onların fikrincə, 20 Yanvar bizim şərəf tariximizdir və bu tarixlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq vətəndaş olaraq hər birimizin borcudur. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən insanları anmaq, onların qəhrəmanlığı haqqında xarici qonaqlara məlumat vermək turizm şirkətlərinin birbaşa vəzifəsidir. Çünki xarici qonaqlarla turizmçilər daha çox təmasda olur. Ona görə də Azərbaycanın turizm sektorunu təmsil edən hər kəs ilk fürsətdə təmasda olduğu əcnəbi vətəndaşa 20 Yanvarla bağlı məlumat verməlidir.
Fəxriyyə Abdullayeva