Danimarkanın paytaxtı Kopenhagendəki tarixi “Odd Fellow” sarayında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Ölkəmizin səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə Əməkdar artist, tanınmış pianoçu Emil Əfrasiyab Əməkdar artist İsgəndər Ələsgərov və Elvin Nəbiyevlə birgə caz triosu ilə konsert verib.
Əvvəlcə səfir Zaur Əhmədov çıxış edərək Azərbaycanın keçdiyi inkişaf yolu, Danimarka ilə ikitərəfli əlaqələrin inkişafı, bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında söz açıb.
Danimarka Xarici İşlər Nazirliyinin Avropa qonşuluğu üzrə direktoru Henrik Vinter Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Sonra Emil Əfrasiyabın triosu caz kompozisiyalarından ibarət musiqi çələngi təqdim edib. Onların çıxışı alqışlarla qarşılanıb.
Tədbirdə Danimarkanın dövlət qurumları və ictimaiyyətin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər.