Yanvarın 15-dən etibarən «Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər» üzrə Dövlət Standartı qüvvəyə minib. Sənəd «Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri» Texniki Komitəsi tərəfindən hazırlanıb və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib.
Dövlət Standartının əsas məqsədləri mehmanxanalara və mehmanxana tipli obyektlərdə turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, burada çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir. Sənəddə göstərilən meyarlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlərin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.
Turizm sənayesinin bütün nümayəndələrinə, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur.
Mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilərkən bu standartlar nəzərə alınacaqmı?
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, bu standartlar lisenziya qaydalarında müəyyən dəyişiklik etməyə imkan verir: «Nazirlik lisenziya qaydalarını dəyişdirməyi nəzərdə tutur. Bu dəyişikliklərdən biri də ondan ibarətdir ki, lisenziya almaq üçün müraciət edən yerləşdirmə obyektlərinin bu standartlara uyğun gəlib-gəlməməsi məsələsi yoxlanılsın. Yalnız obyekt standartlara cavab verdiyi təqdirdə lisenziya verilməsi məsələsinə baxılacaq».
«Lisenziya almış mehmanxana standartlarda nəzərdə tutulan tələblərə riayət etmədiyi təqdirdə hansı tədbirlər görüləcək» sualına cavabında sektor müdiri qeyd etdi ki, ölkə Prezidentinin təsdiq etdiyi «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a uyğun olaraq iki hal nəzərdə tutulub: “Birincisi, obyektə verilən lisenziyanın dayandırılması, ikincisi isə tamamilə ləğv olunması. Nə zaman hansı halın tətbiqi isə qaydalarda göstərilir”.
Nazirlik rəsmisi bildirdi ki, bu standartlar işlənib hazırlanarkən müxtəlif ölkələrin təcrübəsi nəzərə alınıb, təbii ki, Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq şərtilə. Sənəddə təhlükəsizlik məsələləri, kadrların peşəkarlığı kimi mühüm məqamlar öz əksini tapıb. Bütün bunlar sonda mehmanxanalarda xidmətin səviyyəsinin artmasını ehtiva edir. Ona görə də hər bir turizm müəssisəsi xidmət səviyyəsinin artması üçün bu standartlara əməl etməlidirlər ki, gələcəkdə onların fəaliyyətində hər hansı problem olmasın.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bizimlə söhbətində standartların hansı zərurətdən tərtib edilməsi məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, belə bir sənədin hazırlanması çox yaxşı haldır. Artıq mehmanxanalardan daha çox şey tələb olunacaq və bu tələblər də müəyyən bir sənədlə tənzimlənəcək: «Bir sıra hotellərdə, xüsusilə regionlarda fəaliyyət göstərən obyektlərdə təhlükəsizlik məsələlərinə diqqət etmirdilər. Bu da müxtəlif xoşagəlməz hadisələrin baş verməsinə səbəb olurdu. Bundan sonra bu problem yeni təsdiq olunmuş standartlarla həll ediləcək. Əvvəlki standartlarda kadrların peşəkarlığına o qədər də diqqət yetirilmirdi. Halbuki mehmanxanalarda peşəkar kadrların olması olduqca vacib məqamdır. Mehmanxanalarda işçi işə götürülən zaman onun ixtisas üzrə peşə və yaxud ali təhsilli olması, təcrübəsi nəzərə alınmalı, sonrakı dövrlərdə işçilərin treninqlərdə iştirakı təmin edilməlidir. Təəssüflər olsun ki, bu məsələyə beşulduzlu hotelləri çıxmaq şərtilə, digər yerləşdirmə müəssisələrində hələ də soyuq yanaşılırdı. Yeni standartların tətbiqindən sonra bu problemlər öz yoluna qoyulacaq».
Assosiasiya nümayəndəsi onu da bildirdi ki, Azərbaycanda turizm üzrə kadr yetişdirən təhsil müəssisələrinin sayı ildən-ilə artır: «Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakıda, Qəbələdə, İsmayıllıda fəaliyyət göstərən peşə məktəbləri yüzlərlə kadr hazırlayır. Əvvəllər hotel rəhbərləri ixtisaslı kadrların olmadığını deyirdilərsə, indi bu məsələ öz həllini tapır. Odur ki, peşəkar kadrların işə götürülməsinin mehmanxanaların qarşısına tələb kimi qoyulması tam normaldır. Bununla yanaşı, əsas olan sənədi qəbul etmək yox, onun həyata keçirilməsini təmin etməkdir. Xüsusilə hotel rəhbərləri bu sənəddə göstərilənlərin tətbiqində maraqlı olmalıdır».
Həmsöhbətimiz onu da qeyd etdi ki, Azərbaycan Turizm Assosiasiyası bu sahədə həm dövlət qurumlarına, həm də mehmanxanalara kömək etməyə hazırdır.
Qeyd edək ki, «Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər» üzrə Dövlət Standartını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytından əldə etmək mümkündür.
Fəxriyyə Abdullayeva