Azərbaycan Turizm İnstitutunda (ATİ) xalqımızın müstəqillik tarixində qızıl hərflərlə əbədiləşən 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulayıb.
ATİ-nin ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı, beynəlxalq münasibətlər kafedrasının müəllimləri Vidadi Rzayev, Sahib Səfiyev çıxışlarında 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi diqqətə çatdırıblar. Qeyd olunub ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış edib, qanlı hadisələri pisləyib, buna qəti etirazını bildirib.
* * *
20 Yanvarın 24-cü ildönümü Mingəçevir Turizm Kollecində də qeyd olunub. Tələbələr arasında 20 Yanvar mövzusunda inşa müsabiqəsi keçirilib, qruplar tərəfindən divar qəzetləri hazırlanıb. Yanvarın 17-də bütün qruplarda bu mövzuda dərslər keçirilib.
Kollecin Heydər Əliyev ideoloji mərkəzində «Yanvar Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixinin şanlı səhifəsidir» mövzusunda elmi-nəzəri konfrans keçirilib. Təhsil ocağının direktoru Əyyub Əyyubov çıxış edərək, 20 Yanvar hadisəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu deyib.
Fənn komissiyasının sədri Ceyhun Abdullayev, tarix müəllimləri Əli Həsənov, Eldar Dərişov, Məleykə Vəliməmmədova, ədəbiyyat müəllimi Nərgiz Əliyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Toplantının rəsmi hissəsindən sonra kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın 20 Yanvar faciəsi ilə bağlı tələbələrlə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Fəxriyyə Abdullayeva