Dünyaşöhrətli violonçelçi, dirijor Mstislav Rostropoviç (1927–2007) uşaqlara daim diqqət və qayğı ilə yanaşırdı. Onun adı tarixə məşhur xeyriyyəçi kimi də düşüb. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin dəvəti ilə M.Rostropoviç doğma Bakıya gəlir. Həmin ildən sonra M.Rostropoviçin hər il 10 günlüyə Azərbaycana gələrək buradakı tələbələrə ustad dərsləri verməsi onun uşaq və gənclərə sevgisinin təzahürü idi.
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində maestronun ənənələri davam etdirilir. İstedadlı uşaqlar üçün maraqlı, maarifləndirici tədbirlər keçirilir.
1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə muzeydə “Uşaq dünyası – nağıl aləmidir!” şüarı ilə “Nağıllar aləminə səyahət” adlı tədbir təşkil olunub. Tədbirdə 189-190 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Uşaqların sevimlisi, “Mərcangildə” verilişinin aparıcısı Aysel Qəhrəmanlı qonaqlara italyan yazıçı Karlo Kollodinin “Pinokkio” nağılını oxuyub.
Sonra A.Qəhrəmanlı uşaqlarla interaktiv oyunlar təşkil edib. Uşaqların ifasında şeirlər, mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib. Uşaqlara muzey tərəfindən boyama kitabları hədiyyə edilib.