Dünya turu


Son illər ölkəmizdə turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət ayrılır, böyük infrastruktur layihələri həyata keçirilir. Bununla belə, hələ gənc olduğumuz bu sahədə əskiklər də yox deyil. Bu səbəbdən aparıcı turizm ölkələrinə “dünya turu”na çıxmaq qərarına gəldik. Məqsədimiz bu ölkələrdə sektorun inkişafı istiqamətində atılan addımları nəzərdən keçirmək, oxucuya müqayisələr aparmaq imkanı yaratmaqdır.
Beləliklə, ilk olaraq Avropanın qərbinə - Pireney yarımadasına üz tuturuq: İspaniya.

60 milyon turist

Öncə ondan başlayaq ki, İspaniyada 1960-cı ildən bəri ümumi daxili məhsulun təxminən 7 faizə qədərini turizm sənayesi formalaşdırır. Bu isə öz növbəsində illik 80 milyard dollardan çox gəlir deməkdir. İspaniyaya üz tutan turistlər əsasən Şimali və Mərkəzi Avropa ölkələrinin vətəndaşlarıdır. Gün üzünə həsrət, isti dənizlərə çıxışı olmayan Skandinaviya ölkələri, Böyük Britaniya, Mərkəzi Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya sakinləri xüsusilə yay istirahəti üçün İspaniyanı seçir. Təsadüfi deyil ki, bu ölkə müxtəlif illərdə Fransadan sonra ən çox ziyarət olunan ikinci turizm məkanı seçilib.
BMT-nin Dünya Turizm Təşkilatının hesabatına görə, 2007-ci ildə İspaniyanı 60 milyon turist ziyarət edib. Ancaq 2008-ci ildən sonra dünya iqtisadiyyatında baş verən təlatümlər bu ölkənin turizm sənayesindən də yan keçməyib. Cənubi-Şərqi Asiya ölkələrinin dünyanın yeni iqtisadi mərkəzinə çevrilməsi turist axınında da özünü göstərib. 2010-cu ilin göstəricilərinə görə, dördüncü ən böyük turist qəbul edən ölkə sırasına düşən İspaniyanı Fransa, Amerika Birləşmiş Ştatları və Çin qabaqlayıb, turist sayında isə 7 milyon azalma müşahidə olunub.

Narın qumlu sahillər və əsrarəngiz yay tətili

Çimərlik və dəniz turizmi ilk olaraq İspaniyada inkişaf edib və bu gün də ölkə iqtisadiyyatının mühüm gəlir mənbəyi hesab edilir. Sahil boyu ərazilərdə il ərzində mülayim havanın hökm sürməsi, Aralıq dənizi və Atlantik okeanı sahillərində ucsuz-bucaqsız narın qumlu çimərliklər bütün dünyadan turistlərin bura axışmasına səbəb olur. Kanar və Balear adalarında əsrarəngiz gözəlliklər, qızılı qum və isti çimərliklər də turistlərin diqqətindən kənarda qalmır.

Kosta Blanka

Kosta Blankanın ispan dilində hərfi mənası "ağ sahil" deməkdir. Bu, İspaniyanın əsas kurortlarından biridir. Bütün dünya turistləri arasında Kosta Blankanın populyarlığı hər şeydən əvvəl əlverişli iqlim şəraiti ilə izah olunur. Statistikaya görə, burada ilin 305 günü günəşli olur. İlin ən soyuq ayı olan yanvarda temperatur, +10 C-dən aşağı düşmür. Eyni zamanda buranın yayı isti olsa da, qızmar deyil. Turistik mövsümün ən qızğın çağında havanın temperaturu +26 C, suyun temperaturu isə +24 C-yə qədər yüksəlir. Kosta Blanka hər şeydən əvvəl ultra müasir hotelləri ilə fərqlənir. Burada dünyanın ən hündür 40 binasının siyahısına daxil olan məşhur “Grand Hotel Bali” yerləşir. Bu gün Kosta Blanka İspaniyanın şərq hissəsindəki rəngbərəng mozaikanın bir daşıdır.

Kosta Bravo

Kosta Bravo və ya "çılpaq sahil" İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşdiyindən burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır, iyunun əvvəlindən oktyabra qədər davam edir. Kosta Bravonun sahil xəttini mənzərəli buxtalar və qumlu çimərliklər təşkil edir. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülüb. Kosta Bravoda su idman növləri, xüsusilə də dayvinq geniş yayılıb. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını bura cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lyoret de Mar şəhərciyində məskunlaşmağı məsləhət görürlər.

“Gec qocalmaq üçün əla məkan”

Balear arxipelaqına daxil olan Malyorka adası hər şeydən əvvəl ispan kralı və onun ailəsinin ənənəvi istirahət yeridir. Hər ilin avqust ayında kral ailəsi burada istirahət edir. Kralın Malyorkaya səfəri münasibətilə keçirilən tədbirlərdən ən əhəmiyyətlisi “Kral kuboku” uğrunda yelkənli reqata yarışlarıdır. Malyorka adası bu gün ekoloji cəhətdən Aralıq dənizinin ən təmiz kurortlarından biri hesab edilir. Adanın 40-dan çox təbii zonası dövlət tərəfindən mühafizə olunur. Bəzən buranı "Gec qocalmaq üçün əla məkan" da adlandırırlar. Ən uzunömürlü ispanların bu adanın sakinləri olduğunu nəzərə alsaq, deyimin nə qədər yerində işləndiyinin fərqinə varmış olarıq.

“Əbədi yay adası”

Tenerife Kanar arxipelaqına aid, sakinlərin “əbədi bahar” adlandırdıqları məşhur adadır. Buranı “əbədi yay adası” da adlandırmaq olar. Adanın şimalında ilboyu hava isti və rütubətlidir, cənubu isə quru və günəşlidir. Qəribədir ki, İspaniyanın ən hündür nöqtəsi də məhz bu adada yerləşir.

Mədəni və biznes turizmi

Hər üç səmavi dinin təşəkkül tapdığı İspaniyada öz qədim tarixi və mədəniyyəti ilə seçilən şəhərlər Madrid və Barselonadır. Bu şəhərlər həm biznes, həm incəsənət, həm də media, idman, moda aləminin aparıcı ünvanlarından hesab edilir. Təsadüfi deyil ki, ölkənin 13 şəhəri UNESCO-nun “Dünya Şəhər İrsi” siyahısına daxil edilib. Katoliklərin müqəddəs kilsələrindən biri də İspaniyanın Santyaqo de Kompostela şəhərində yerləşir. Məbəd Vatikan və Qüdsdən sonra katoliklərin ən çox ziyarət etdiyi məkan hesab olunur.

Karnavallar, festivallar

Çılğın temperamentləri ilə seçilən ispanların festival ənənələri əsasən milli folklordan irəli gəlir. Adrenalin ehtiyacını öz həyatı bahasına ödəməyə razı olan ispanlar küçələr boyu ram edilməz öküzlərin qabağından qaçmaqla bütün dünyanı heyrətə gətirə bilirlər. Bəzilərinin ağılsızlıq kimi dəyərləndirdiyi bu festivallar ölkəyə kifayət qədər turist cəlb edir. İspaniya eyni zamanda beynəlxalq film festivallarının keçirildiyi əsas ölkələrdən biridir. Onlardan ən məşhurları San Sebastian, Malaqa, “Mostra de Valencia” və “Sitges” film festivallarıdır. Dünya kino ulduzlarını cəm edən bu cür beynəlxalq festivallar eyni zamanda sadə turistlərin də marağına səbəb olur, ölkəyə turist axınını təşviq edir.

Qış turizmi

Çoxlarının isti yay günlərinin əvəzedilməz istirahət məkanı hesab etdiyi İspaniyada qış turizmi də inkişaf edib. Buna səbəb İspaniyanın Avropada ikinci ən böyük dağlıq ölkə olmasıdır. Dünyanın bir çox ölkələrindən dağ-xizək həvəskarları Sistema Central, Sistema Iberico, Sierra Nevada kimi məşhur qış turizm komplekslərinə üz tuturlar. Sadaladıqlarımızdan ən məşhur dağ-xizək kompleksi isə Sierra Nevadadır ki, burada eyniadlı milli park da fəaliyyət göstərir. Bura həm də İspaniyanın və bütövlükdə Avropanın “Biosfer ehtiyatı” hesab edilir. Dağ-xizək idmanı ilə maraqlanan müxtəlif yaşlı insanlar burada həm dincələ, həm də sevimli əyləncələri ilə məşğul ola bilərlər.

Sadiq Musa