Mayın 30-da Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Böyük Qayıdışın istedadları” layihəsi çərçivəsində Füzuli və Ağdam rayonlarının uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə konsert, sərgi və bədii qiraət müsabiqəsi keçirilib.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən layihə işğaldan azad olunmuş ərazilərə qayıtmış sakinlərin övladlarının mədəni həyata daha sıx inteqrasiya olunması, istedadlı gənclərin aşkar edilərək gələcəkdə respublika və beynəlxalq səviyyəli müsabiqələrdə iştirakına dəstək göstərilməsi məqsədi daşıyır.
Tədbirdə iştirakçılar tərəfindən çəkilmiş Qarabağın təbiət gözəlliklərini vəsf edən peyzaj nümunələrinin sərgisi təşkil edilib, şagirdlərin ifasında vətənpərvərlik ruhlu bəstəkar əsərləri və xalq mahnıları ifa olunub.
Layihə çərçivəsində həmçinin bədii qiraət müsabiqəsi keçirilib. Səsləndirilən şeirlər münsiflər tərəfindən qiymətləndirilib.
Tədbir zamanı peşəkar fotoqraf tərəfindən uşaqlar üçün ustad dərsi də təşkil olunub.