25-26 may tarixlərində İstanbulda Leyla Pınar adına VI Beynəlxalq Barokko Vokal Müsabiqəsi keçirilib.
Türkiyə, Azərbaycan, Rusiya, Bosniya-Herseqovina və digər ölkələrdən 57 vokalçı iştirak edib ki, onlardan 26 nəfəri ikinci tura keçməyi bacarıb. Final mərhələsində öz məharətini göstərmək şansı isə cəmi 12 ifaçıya nəsib olub.
Müsabiqədə ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının (BMA) III kurs tələbəsi Kənan Rəhmanzadə üçüncü mükafata layiq görülüb. İştirakçılar barokko musiqisinin ən gözəl nümunələrini yaratmış Hendelin, Vivaldinin və digər bəstəkarların əsərlərini münsiflər heyətinin qarşısında ifa ediblər.
Kənan Rəhmanzadə Əməkdar artist, BMA-nın Solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimi İlham Nəzərovun kursunda təhsil alır. Müəllim yetirməsinin bu uğurunu yaxşı nəticə kimi qiymətləndirib: “Barokko musiqisi Azərbaycanda o qədər də geniş yayılmasa da, Kənanın qələbəsi göstərir ki, bizim tələbələr hər janrda oxumağı bacarırlar”.