Kərkük sevgisi, həsrəti qərib soydaşlarımızı – İraq türkmanlarını tanıyandan bəri toplum olaraq qəlbimizdə yuva qurub. Səid Sinanın Nərminə Məmmədova ilə yadigar duetlərini sevə-sevə dinləyəndən, professor Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahilində” kitabını acgözlüklə oxuyandan içimizdəki Kərkük sevdası artır ki, azalmır. Amma sevdiyini tanımaq, ona yaxından bələd olmaq, bizim söz açdığımız kontekstdə həm də araşdırmaq bu gözəl hissin ən yaxşı təzahürü olmazmı?
Xəbər tutanda ki, bu günlərdə Azərbaycan Milli Konservatoriyasında “Kərkük musiqi folklorunun tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirilib, maraq bizə güc gəldi. Konfrans iştirakçılarından gənc musiqişünas, Kərkük Mədəniyyət Dərnəyinin fəxri üzvü Zeynəb Bağır ilə əlaqə saxlayıb bu maraqlı tədbir barədə ətraflı məlumat əldə etməyə çalışdıq.
– Azərbaycan-Kərkük mədəni əlaqələrinin tarixi məlumdur. Lakin bizdə indiyədək Kərkük musiqisi sistemli araşdırılmayıb. Belə bir tədqiqatı elmi rəhbərim, tanınmış musiqişünas, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi Lalə Hüseynova ilə birlikdə başlamışıq. Bir müddətdir ki, Kərkükdən Azərbaycana gələn ədəbiyyat və sənət adamları ilə görüşür, fikir mübadiləsi aparırdıq. AMEA-nın Folklor İnstitutunda fəaliyyət göstərən Kərkük folkloru üzrə əlaqələndirmə şurası ilə də münasibətimiz var. Mart ayında Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi ilə konservatoriyada görüşdük. Öyrəndik ki, may ayında Kərkük ziyalıları və sənət adamları böyük bir heyətlə Bakıda olacaqlar. Təklif etdim ki, Azərbaycan və Kərkük musiqiçilərinin iştirakı ilə konsert proqramı hazırlayaq. Şəmsəddin Kuzəçi təklifə həvəslə razı oldu. Həm də qərara gəldik ki, Kərkük musiqisinə dair elmi konfrans keçirək. Məsələ ondadır ki, Azərbaycanda görkəmli alim Qəzənfər Paşayevin açdığı cığırla gedərək Kərkük folklorunu və ədəbiyyatını araşdıran mütəxəssislər yetişib, musiqidə isə bu istiqamətdə çalışmalara indi başlayırıq.
Qeyd edək ki, “Kərkük musiqi folklorunun tədqiqi məsələləri” adlı konfransda filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı-publisist Şəmsəddin Kuzəçi, Türkiyədən Qazi Universitetinin professoru, opera ifaçısı Ömər Türkmənoğlu makam və xoyrat ifaçıları Mehmet Kayababa və Mehmet Neccar məruzələrlə çıxış ediblər. Zeynəb Bağır isə “Azərbaycan-Kərkük musiqi əlaqələri” mövzusunda araşdırmalarından söz açıb.
Konfransdan sonra “Kərkükdən Azərbaycana” adlı konsert proqramı təqdim olunub. Qonaq ifaçılar Mehmet Neccar, Ömər Türkmənoğlu, Mehmet Kayababa ilə yanaşı, Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynova, Sədəf Budaqova, Ayşən Mehdiyeva, Yaqut Xəlilova, Pərvaz İbrahimli və digərləri çıxış ediblər.
Kərkük musiqi folklorunun öyrənilməsində ilk addımın uğurundan həvəslənən gənc musiqişünas deyir:
– Milli Konservatoriya ilə Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Düzdür, bizim gördüyümüz bu iş dəryadan bir damla timsalında olsa da, hər halda ilk addım atılıb. Azərbaycan türklərinə ən yaxın, ən doğma olan Kərkük musiqi folklorunu öyrənməyə ömür həsr etmək lazımdır. Üstəlik, türkmanlar təkcə Kərkükdə deyil, İraqın digər böyük şəhərlərində və baş ölkələrdə də yaşayıb-yaradırlar. Türkman musiqi folklorunu öyrənmək, Azərbaycan musiqişünaslıq elmində kərkükşünaslığın istiqamətini də şaxələndirəcək.
Gülcahan Mirməmməd