ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918–1920) tam külliyyatının nəşri həyata keçirilir.
20 cilddə nəzərdə tutulan toplunun X cildi işıq üzü görüb. Bu cild qəzetin 1919-cu ilin iyul ayını (215– 239-cu nömrələr) əhatə edir.
Külliyyatın bu cildində 1919-cu ilin iyul ayında Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi daxili və xarici siyasət, ölkəmizdə və dünyada baş verən hadisələrə dair xəbərlər, məqalələr yer alıb. Nəşrdə sözügedən dövrdə Ermənistanın Azərbaycana ərazi iddialarının səngimədiyi, bədnam qonşularımızın Naxçıvana sahiblənmək istiqamətində atdığı addımlarla bağlı informasiyalar verilib. Vaxtilə qəzetdə silsilə şəklində dərc olunmuş “Ermənistanda müsəlmanların yaşayışı” adlı məqalələr Qərbi Azərbaycanda – öz ata-baba yurdlarında soydaşlarımıza qarşı ermənilərin qeyri-insani rəftarı, onları həmin ərazilərdən didərgin salmaq məqsədilə insanların başına açdığı oyunlar geniş işıqlandırılıb.
Bundan əlavə, 1918–1919-cu illərdə Rusiyada vətəndaş müharibəsi fonunda Azərbaycanın cənub bölgəsində baş verən hadisələr, qondarma “Muğan Sovet Respublikası”nın yaradılması və sonradan Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil edilməsi ilə bağlı materiallar oxucuların diqqətinə çatdırılır.
Külliyyatın bu cildində Cümhuriyyətin mədəni həyatı da öz əksini tapıb, dövlət teatrında və digər səhnələrdə göstəriləcək tamaşaların anonsu, habelə həmin dövrdə Bakıda və Şuşada təşkil olunan “Şərq konsertləri” haqqında da məlumat verilir.
Xatırladaq ki, “Azərbaycan” qəzetinin tam külliyyatının bundan öncə çapdan çıxan I cildi 1918-ci ilin sentyabr-oktyabr, II cild həmin ilin noyabr, III cild 1918-ci ilin dekabr, IV cild 1919-cu ilin yanvar, V cildi həmin ilin fevral, VI cild mart, VII aprel, VIII cild may, IX cild iyun ayını əhatə edib.
Qəzetin əski əlifbada (ərəb qrafikalı Azərbaycan əlifbası) olan mətnləri filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya olunub. Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.