Ağdam Muğam Mərkəzində 44 günlük Vətən müharibəsinin şəhid giziri Şəhriyar Quliyevin xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar zirvəsi” filminin təqdimatı keçirilib.

Tədbirdə qəhrəmanın döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edilib. Bildirilib ki, Şəhriyar Quliyev Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, böyük şücaət göstərib.

Oktyabrın 23-də Qubadlı rayonu uğrunda döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Tədbirin gedişində Şəhriyar Quliyevə həsr olunmuş şeirlər səsləndirilib, Ağdam Musiqi Kolleci “Qarabağ” instrumental ansamblının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyalar təqdim edilib.

Filmin nümayişindən sonra çıxış edən şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.