Azərbaycan

 

28 may 1927 – Xalq artisti, kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Qanun naminə”, “Dəli Kür” və s. filmlərdə musiqilər ifa edib.

28 may 1936 – Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında çəkilib. 

28 may 2021 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (16.12.1952 – 2021) vəfat edib.

 

29 may 1939 – Əməkdar mədəniyyət işçisi, kinooperator Həmzə Əhmədoğlu (1939–2008) Bakıda doğulub. “Azərbaycanfilm”də 40-dan çox filmin çəkilişində iştirak edib.

29 may 1946 – Əməkdar incəsənət xadimi, aktyor, rəssam Elçin Mehdi oğlu Məmmədov (1946 – 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında tamaşalara səhnə tərtibatı verib.

29 may 2023 – Əməkdar artist Elxan Məmməd oğlu Qasımov (24.4.1945 – 2023) vəfat edib. “Əhməd haradadır?”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.

 

30 may 1862 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

30 may 1930 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin   müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

30 may 1948 – Xalq rəssamı Tahir Rəşid oğlu Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

30 may 1967 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib.

 

31 may 1922 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (1922 – 12.5.2005) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.

31 may 1929 – Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 – 31.8.2016) anadan olub. Uşaqlar üçün “Əlibaba və qırx quldur” baleti, “Azərbaycan gəncləri” odası, digər musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir. Tamaşalara musiqi yazıb.

31 may 1963 – Əməkdar artist, tanınmış xanəndə Zülfi (Zülfüqar) Səməd oğlu Adıgözəlov (1898–1963) vəfat edib.

31 may 2018 – Prezident İlham Əliyev Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

1 iyun 1920 – Xalq artisti Raxil Solomonovna Ginzburq (1920 – 6.12.1995) Bakıda doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

1 iyun 1940 – Əməkdar rəssam Ənvər Əsgər oğlu Əsgərov (1940–2014) Qəbələ rayonunda anadan olub. Abşeronun koloriti, sənaye mənzərələri ilə bağlı tabloların, natürmortların müəllifidir.

1 iyun 1943 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1943 – 21.1.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında rejissor assistenti, dublyaj rejissoru, Dublyaj şöbəsinin müdiri işləyib.

1 iyun 1944 – Əməkdar artist Mübariz Əlixan oğlu Paşayev (1944 – 31.8.2006) Zəngilan rayonunda doğulub. İrəvan, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, filmlərdə (“Qərib cinlər diyarında”, “Dantenin yubileyi” və s.) çəkilib.

1 iyun 1950 – Əməkdar artist Tanilə Aysayevna Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (Leyla), “Qayınana” (Sevda) və s. 

1 iyun 1953 – Əməkdar artist Ömür Məlik oğlu Nağıyev (1953 – 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.

1 iyun 1972 – Bakıda Azərbaycan yazıçılarının V qurultayı işə başlayıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.

1 iyun 2010 – Prezident İlham Əliyev böyük şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

1 iyun 2015 – Prezident İlham Əliyev görkəmli memar Mikayıl Hüseynovun 110 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

2 iyun 1979 – Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə quruluş verib.

2 iyun 2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub.

 

Dünya

 

28 may 1779 – İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779–1852) anadan olub.

28 may 1934 – Gürcüstanın Xalq artisti Liya Eliava (1934–1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

 

29 may 1874 – İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton; 1874–1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

29 may 1953 – Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 – 3.1.2008) anadan olub. Çəkildiyi filmlər: “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı” və s.

 

30 may 1778 – Fransız yazıçısı, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue; 21.11.1694 – 1778) vəfat edib.

30 may 1937 – Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937–1999) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

31 may 1809 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 31.3.1732 – 1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.

31 may 1887 – Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse; 1887–1975) anadan olub.

 

1 iyun 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804–1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850–1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.

1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe – əsl adı Norma Jean Mortenson; 1926–1962) anadan olub.

1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929–1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840–1928) anadan olub.

2 iyun 1988 – Hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 – 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

Hazırladı: V.Orxan