1934-cü ildən fəaliyyətə başlayan Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) zəngin bir yol keçib. Təbii ki, bu tarix əlamətdar hadisələrlə zəngindir. Bu tarixin təməlində isə dahi Üzeyir Hacıbəylinin xidmətləri dayanır. O xidmətlər ki, onlar həm Azərbaycan bəstəkarlıq məktəbinin, həm də Azərbaycan Bəstəkarlar İttifaqının inkişaf mənbəyidir. Düzdür, Üzeyir Hacıbəyli Bəstəkarlar İttifaqına 1937-ci ildən rəhbərlik edib. Ona qədər isə sovet ideologiyasının sərt qanunları içərisində Üzeyir bəyə qərəzli mövqe bəsləyənlər, guya ittifaqın işini irəli aparmaq üçün rəhbərliyə öz nümayəndələrini təyin ediblər. Bu yerdə həmin tarixə qısa nəzər salaq.
XX əsrin 30-cu illərində yaradıcılıq təşkilatlarının meydana gəlməsi, təbii ki, sovet ideologiyasına xidmət edirdi. Musiqi incəsənətini də bu istiqamətə yönəltmək əsas meyar idi. 1932-ci ildə SSRİ Bəstəkarlar İttifaqı yaradılmışdı. Müttəfiq respublikalarda bu proses gedirdi.
1932-ci ildə əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilat bürosu yaradıldı. Sergey Paniyevin rəhbərliyi ilə fəaliyyətə başlayan təşkilata bəzi səlahiyyətlər verildi. Bəstəkarlara qonorarların verilməsi, iclas və yığıncaqların keçirilməsi və bu kimi məsələlər buraya aid idi.
1934-cü il iyunun 30-da 17 nəfərin iştirakı ilə ümumi yığıncaq keçirilir. İlk iclasın protokollarında Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və Niyazinin adları qeyd olunub. Təsis yığıncağında ABİ-nin rəhbərliyinə 31 yaşlı bəstəkar, mənşəcə Krım tatarı olan Asən (Asan) Refatov gətirilir. O bu vəzifəni 1935-ci il iyunun 19-dək qədər icra edir.
Göründüyü kimi, hələ ittifaqın işində və yığıncaqların ilk protokollarında Üzeyir bəyin adı heç çəkilmir. Amma Üzeyir bəy öz böyük istedadı, işgüzar fəaliyyəti ilə bütün təqibləri dəf edərək, ona qarşı qərəzli mülahizələrdən qalib çıxaraq, yaşadığı hər hansı quruluşdan asılı olmayaraq, xalqına ləyaqətlə xidmət edib. 1934-cü il dekabrın 12-də çağırılmış yığıncaqda müzakirə olunan başlıca məsələ o dövrün mətbuat səhifələrində musiqi haqqında qeyri-peşəkar yazılarla bağlı olub. Bu məqsədlə də ABİ-də Tənqid və musiqişünaslıq bölməsi yaradılıb və Üzeyir bəy bölməyə sədr təyin edilib.
1935-ci ildə, yenə də mövcud ideoloji məqamlar əsas tutularaq, ittifaqın rəhbərliyinə musiqi təhsili olmayan Əli Kərimov gətirilir. Üzeyir bəy isə “Tənqid və musiqişünaslıq” bölməsinin rəhbəri kimi burada mühüm işlər görür. Nəhayət, 1937-ci ildə o, Bəstəkarlar İttifaqının sədri seçilir.
Tarixə nəzər salan hər kəs 1937-ci ilin necə ağır bir dövr olduğunu bilir. Repressiya dalğasının tüğyan etdiyi bu mürəkkəb bir şəraitdə qabaqcıl bir yaradıcılıq təşkilatının rəhbəri olmaq və bu “qara il” çərçivəsində işıqlı xidmətlər göstərmək Üzeyir bəyin böyüklüyünün ifadəsi idi. Bəstəkarın şah əsəri olan “Koroğlu” operası buna gözəl nümunədir. 1937-ci il aprelin 30-da tamaşaya qoyulan bu əsərə görə Üzeyir Hacıbəyli Azərbaycan SSR Xalq artisti adına layiq görüldü. Həmin ildə o, həm də SSRİ Ali Sovetinin deputatı seçilir. 1938-ci ildə isə SSRİ “Xalq artisti” fəxri adına layiq görülür.
Böyük sənətkarın şəxsiyyəti və nüfuzu, xalqın sevgisi dövlətin də diqqəti ilə qarşılanır. Ona daha mühüm bir vəzifə – Azərbaycan Dövlət Konservatoriyasının rektorluğu həvalə olunur. Ömrünün sonuna qədər Üzeyir bəy üzərinə düşən bu və ya digər vəzifələri layiqincə icra etməklə, mədəniyyət tariximizə silinməz səhifələr yazdı.
1948-ci il noyabrın 23-də Üzeyir bəyin vəfatından sonra isə bu vəzifələrin davamı onun yetirmələrinin fəaliyyəti və yaradıcılığı ilə zənginləşdi. Bu mənada, möhkəm ənənələrə əsaslanan ABİ-nin işində də mühüm xidmətləri olan Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Səid Rüstəmov, Rauf Hacıyev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov və bu kimi görkəmli bəstəkarlarımızın yaradıcılığı böyük bir məktəbdir. Çünki onlar Üzeyir bəy irsini əsas tutaraq dünya musiqisinin də tələblərinə cavab verən dəyərli əsərlər yazıblar. Onların yaradıcılığı Bəstəkarlar İttifaqının da inkişafına təkan verdi.
Görkəmli bəstəkarlarla yanaşı, ABİ-nin tarixində musiqişünasların da rolunu qeyd etmək gərəkdir. İttifaq yarandığı vaxtdan onun işinə musiqişünaslar da cəlb edilib. 1934-cü ildən Üzeyir bəyin rəhbərlik etdiyi Tənqid və musiqişünaslıq bölməsinin işi buna nümunədir. O dövrdə əsası qoyulan bu ənənə indi də davam etdirilir. Musiqişünaslar ABİ-nin plenum və qurultaylarında, elmi konfranslarda bəstəkarların yaradıcılığı, milli və professional musiqinin janrları, musiqi həyatına dair, eləcə də musiqişünaslıq və onun aktual problemləri mövzusunda geniş məruzələrlə çıxışlar edib, dövri mətbuatda da bu məsələləri geniş işıqlandırıblar. Ötən əsrin ilk musiqişünaslarından Xurşid Ağayeva, Məmmədsaleh İsmayılov, Elmira Abasova, onların davamçıları Ramiz Zöhrabov, Səadət Seyidova, Səadət Abdullayeva, Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, eləcə də növbəti nəsil musiqişünasların fəaliyyəti ittifaqın işinə mühüm töhfədir.
Bəstəkarlar İttifaqı Qara Qarayev, Səid Rüstəmov, Tofiq Quliyev kimi görkəmli sənətkarların sədr olduğu dövrlərdə və bu gün də Üzeyir bəyin ənənələrini davam və inkişaf etdirir. Bu mənada, 1974-cü ildən ABİ-nin katibi, 2007-ci ildən isə sədri vəzifəsinə seçilən Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə öz sələflərinin yolunu və ənənələrini qoruyub saxlamağa, təşkilatın yeni dövrdə inkişafını təmin etməyə səy göstərir. İttifaqın fəaliyyətinin əsas hədəfləri ənənələr üzərində qurulan müasir yaradıcılıq ideyalarının təmin olunmasıdır.
Eyni zamanda ABİ dövlət tədbirlərinin, festivalların keçirilməsində də yaxından iştirak edir. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Muğam aləmi”, Üzeyir Hacıbəyli Beynəlxalq festivalları və digər tədbirlər buna misaldır. Şəki “İpək yolu” Beynəlxalq Festivalı isə Bəstəkarlar İttifaqının layihəsi olaraq (festivalın bədii rəhbəri Xalq artisti Firəngiz Əlizadədir), Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.
Bəstəkarlar İttifaqının fəaliyyəti daim dövlətimizin qayğı və himayəsi ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi sovet və müstəqillik dövrlərində bu təşkilatı xüsusi diqqətdə saxlayıb. 1979-cu ildə ABİ-nin V qurultayında onun bəstəkar və musiqişünaslarla görüşündə söylədiyi fikirlər, “Bəstəkarın yüksək amalı və vəzifələri” adlı məruzəsi bu gün öz aktuallığını qoruyub saxlamaqdadır.
Ulu öndərimizin bu sahədə siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2009-cu ildə Bəstəkarlar İttifaqına qaytarılan binanın əsaslı təmiri və yeni avadanlıqlarla təchiz olunması, təmirdən sonra ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etmələri bunun bariz təzahürüdür. Dövlət başçımızın sərəncamları ilə ittifaqın üzvlərinə fəxri adlar və Prezident təqaüdlərin verilməsi də bu qayğı və diqqətin bariz nümunəsidir.
Məhz belə bir qayğı və diqqətlə əhatə olunan təşkilatın üzvləri də xalqımızın musiqi mədəniyyətinə dəyərli töhfələr verərək yeni əsərlər ərsəyə gətirirlər. 44 günlük Vətən müharibəsindəki Zəfərimizə həsr olunan bəstəkar əsərləri və onların konsert məkanlarında səslənməsi buna əyani misaldır.
Bəstəkarlar İttifaqında ərsəyə gələn “İlham Əliyev və musiqi mədəniyyəti” (2021) və “Heydər Əliyev və musiqi mədəniyyəti” (2023) kitabları da həm Ulu öndərin, həm də Prezident İlham Əliyevin musiqi sənətinə göstərdikləri münasibətin tarixi faktlarla təzahürüdür.
Hazırda 90 illiyi ilə əlaqədar tədbirlər planı üzrə işlər aparılır. ABİ-nin son 5 il ərzində fəaliyyətinə dair yeni nəşrlər, üzvlərin yaradıcılıq işlərini əks etdirən məlumat kitabı, may ayında gənc bəstəkarların plenumunun keçirilməsi, iyun ayında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək tədbirlər, iyul ayında Şəkidə nəzərdə tutulan XIII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, sentyabr ayında gözlənilən ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıq, oktyabr və noyabr aylarında keçiriləcək tədbirlərin proqramları bu fəaliyyətin əsas göstəriciləridir.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru