AMEA-nın əsas binasının önündəki parkda bir həftə davam edən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı artıq sona yaxınlaşıb.
Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə gerçəkləşən festivalın hər günü Türk dünyasından bir ölkənin adı ilə adlandırılıb.
Mayın 24-də festivalın açılış mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Beynəlxalq Türk Akademiyasının təmsilçisi Əbülfəz Süleymanlı, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, TİKA Bakı proqram koordinatoru Hayrettin Özçelik, Türkiyənin Azərbaycandakı Səfirliyinin əməkdaşı Muhittin Macit, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıblar.
Onu da qeyd edək ki, festivalın ilk günü Qırğızıstan günü idi.
Çıxışlardan sonra ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Mayın 24-də AYB-nin 90 illiyinə həsr edilmiş panel də keçirilib. Xalq yazıçısı Anar qurumun ötən 90 ildə keçdiyi yola nəzər salıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, sovet hakimiyyətinin ən sərt illərində belə AYB ədəbiyyatımızı, milli kimliyimizi, ana dilimizi qorumaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib.
AYB sədrinin müavini Elçin Hüseynbəyli, qurumun Türkiyə təmsilçisi İmdat Avşar və başqaları çıxış ediblər.
***
Mayın 25-də (Özbəkistan günü) Özbəkistan ədəbiyyatı, “Sazlı-sözlü kəlağayı günləri”, Xalq şairi Vaqif Səmədoğlunun (1939–2015) 85, özbək şairi Məhəmməd Yusufun (1954–2001) 70 illik yubileylərinə həsr olunmuş panel müzakirələr, tədbirlər, konsert və şeir saatları gerçəkləşib. Günün sonunda isə “Özbəkistanı tanıdırıq” adlı film nümayiş etdirilib.
***
Mayın 26-da (Macarıstan günü) rəngarəng tədbirlər təşkil edilib. Gün ərzində Macarıstan ədəbiyyatı, “Natiqlik mədəniyyəti – özünü ifadəetmə bacarığı”, “Ədalətəm, xoşbəxtəm mən, Türk dünyamdı bizə vətən”, macar şairi, yazıçısı, pedaqoqu və tərcüməçisi Agnes Nemes Nagynin xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı tədbirlər keçirilib. Günün sonunda “Budapeştə” filmi izlənilib.
***
Mayın 27-də (Qazaxıstan günü) günün birinci yarısında “Türk xalqları”, “Divanü-lüğat-it-türk” – 950”, “Vurğun keçdi bu yerlərdən” adlı tədbirlər keçirilib, “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi”, “Cəfər Cabbarlı – 125” və “Alim şairlər” mövzularında panel müzakirələr aparılıb.
Günün ikinci yarısında görkəmli ədəbiyyatşünas alim, mətnşünas, şair Salman Mümtazın (1884–1941) 140 illiyi ilə bağlı panel müzakirəsi təşkil olunub.
AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Asif Rüstəmli Salman Mümtazın tərcümeyi-halı barədə maraqlı məlumatları diqqətə çatdırıb, alimin Cümhuriyyət dövrü fəaliyyəti haqqında söz açıb.
Günün sonunda Qazaxıstanın Xalq yazıçısı Fariza Ongarsynovanın (1939–2014) xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı panel müzakirəsi keçirilib, “Aykuo” filmi nümayiş etdirilib.
***
28 May – Müstəqillik Günündə festival Azərbaycana həsr olunub. Həmin gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə panel təşkil edilib.
Panelin moderatoru Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı, maarif xadimi, şair Şeyx Məhəmməd Rasizadənin (1878–1939) ömür yolundan, pedaqoji fəaliyyətindən, yaradıcılığından söz açıb.
Yazıçı-dramaturq, jurnalist Bayram İsgəndərli Naxçıvan bölgəsinin təbiət gözəlliklərindən, tarixi-mədəni zənginliklərindən və yetirdiyi şəxsiyyətlərdən danışıb. Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Tahirə Məmməd naxçıvanlı alimlərin Azərbaycan ədəbiyyatşünaslığına töhfələrindən bəhs edib.
“Mədəniyyət” qəzeti baş redaktorunun müavini Fariz Yunisli “Naxçıvanın müasir mədəni həyatı və media” mövzusunda fikirlərini bölüşüb.
Şair, publisistlər İbrahim Yusifoğlu, Məmməd Tahir, Xalidə Nuray Naxçıvana həsr olunan şeirlərini səsləndiriblər.
Günün ikinci yarısında ilk Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan panel müzakirəsi keçirilib.
Eyni zamanda Azərbaycan ədəbiyyatı, Nizami adına Ədəbiyyat İnstitutunun 90 illiyi və mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunan tədbirlər, görüş, film nümayişi və konsert reallaşıb.
***
Mayın 29-da (Türkiyə günü) Türkiyə ədəbiyyatı, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530, Xalq şairi Hüseyn Arifin 100, türk şairi Nigar Binti Osmanın xatirəsinə həsr olunmuş panellər, görüş, şeir saatları, film nümayişi keçirilib.
***
Mayın 30-da (Türkmənistan günü) “Türkmənistan ədəbiyyatı. Dünən, bu gün, sabah” kitabının təqdimatı olub. “Bəkir Çobanzadə izlərində”, türkmən şairi Məhdimqulu Fəraqinin 300, 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin 55 illik yubileylərinə həsr olunmuş panel və s. tədbirlər təşkil edilib.
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-də (Şimali Kipr günü) başa çatacaq.
Nurəddin