Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konsert keçirilib.
Öncə əlamətdar günün tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan gün 1950-ci ildən dünya miqyasında qeyd olunur. Bu münasibətlə ölkəmizdə də müxtəlif səpkili tədbirlər keçirilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Konsert proqramında məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.