3-9 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumu keçiriləcək.

Ənənəvi tədbirdə Azərbaycanın gənc sənətçiləri də iştirak edəcəklər.

Bu münasibətlə mayın 31-də Azərbaycan Teatr Xadimləri İttifaqında yığıncaq keçirilib. Bildirilib ki, artıq bir neçə ildir “Beynəlxalq Teatr İttifaqları Konfederasiyası” Beynəlxalq İctimai Birliklər İttifaqının təşkilatçılığı, MDB-yə Üzv Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən forumda ölkəmiz də təmsil olunur. Gənclərimiz bu tədbirə  Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının iştirakı ilə qatılırlar.

Budəfəki forumda teatrşünas, dramaturq, teatr rəssamları ilə yanaşı, gənc rejissorların və onların hazırladıqları tamaşaların nümayişi dənəzərdə tutulub.

Builki tədbirdə ölkəmizi təmsil edənlər sırasında dramaturq Cavid Zeynallı, teatrşünas Dağlar Yusif, rejissorlar Abdulla Elşadlı, Ümid Abbaszadə, Sahib Əhmədov, Səbinə Haqverdiyeva, Elmira Üzeyirova və Fərəh Quliyeva yer alıb.