Yanvarın 30-da Türkiyənin İstanbul şəhərində 18-ci Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“EMİTT-2014”) işə başlayıb.
Dünyanın ən böyük beş turizm sərgisi sırasına daxil olan EMİTT sərgisinə bu il rekord sayda - 70-dək ölkədən 4500-dən çox şirkət və qurum qatılıb. Stendlər TÜYAP sərgi mərkəzinin 65 min kvadratmetrlik sahəsində 11 salonda nümayiş olunur.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Həmçinin sərgidə ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel") və 4 mehmanxana ("Rixos Quba Azerbaijan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Təbriz hotel") təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 70 kvadratmetr sahədə stend quraşdırılıb. Azərbaycan guşəsi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün türk və ingili dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq 12-ci dəfədir ki, "EMİTT" turizm sərgisində iştirak edir.
Fəxriyyə