Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkədəki 25 palçıq vulkanı üzrə turist marşrutunun salınmasını təklif edir. İnstitutun palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyevin sözlərinə görə, vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycanla müqayisə olunacaq ərazi yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün çox gözəl obyektlər hesab edilir: «Xaricdən gələn turistlər vulkanlarla maraqlanırlar. Bəzi turistlər vulkanlara müalicə olunmaq məqsədilə gedirlər. Əgər bu işlə məşğul olunsa, bu, respublikaya çoxlu pul gətirəcək».
Şöbə müdiri deyir ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır. Bu, Qobustandakı «Qoturdağ» və «Çeyildağ» vulkanlarıdır. Bakıdan 50 km qərbdə yerləşən «Çeyildağ» vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir: «Qoturdağ»da isə süxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Ona görə də Azərbaycana gələn turistlər üçün belə vulkanlar maraqlıdır».
Alimin sözlərinə görə, Geologiya İnstitutunda palçıq vulkanları 45 ildir ətraflı şəkildə öyrənilir. Məqsəd dərində yatan neft-qaz yataqlarının axtarılması, zəlzələlərin baş verməsi ilə palçıq vulkanlarının püskürməsi arasında əlaqənin öyrənilməsidir. Bununla yanaşı, vulkan palçığından təbabətdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Vulkan tullantıları, vulkan gillərindən inşaatda istifadə olunur: «Palçıq vulkanlarını əsasən iki qrupa bölmək olar: fəaliyyət göstərən və sönmüş vulkanlar. Ölkəmizdə qeydə alınmış 300-dən çox palçıq vulkanının 70 faizi fəaliyyətdədir. Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyi rolunu oynayır. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur».