Xəbər verdiyimiz kimi, yanvarın 30-dan fevralın 2-dək Türkiyənin İstanbul şəhərində «EMİTT-2014» Beynəlxalq Turizm Sərgisi keçirilib.

Azərbaycanı sərgidə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından, habelə ölkəmizdə fəaliyyət göstərən 6 turizm şirkəti və 4 mehmanxananın nümayəndələrindən ibarət heyət təmsil edib.
Nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyi Turizm sənayesi ilə iş sektorunun müdiri Rəhman Oruclu təəssüratlarını qəzetimizlə bölüşdü. Onun sözlərinə görə, sərgidə respublikamızın turizm imkanları 70 kv.m sahədə nümayiş olunub. Ziyarətçi və iştirakçılara ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları paylanıb: «Azərbaycan Dövlət Rəqs Ansamblının 2 rəqqası da bizimlə getmişdi. Gün ərzində bir neçə dəfə milli rəqslərimizi ifa edirdilər. Bu, sərgi iştirakçısı olan xarici ölkə təmsilçilərinin marağına səbəb olurdu. Onu da qeyd edim ki, stendimizi ziyarət edənlər çox idi. İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş da ziyarətçilər arasında idi. Eyni zamanda, yerli və xarici media təmsilçiləri Azərbaycan nümayəndələrindən müsahibələr alır, müxtəlif səpkili suallar verirdilər. «TRT», «Kanal 7» televiziyalarına müsahibələrimdə Azərbaycanın son illər turizm sahəsində əldə etdiyi uğurlar, qurulmuş infrastruktur barədə məlumatlar verdim».
Nazirlik nümayəndəsi bildirdi ki, ziyarətçilər ölkəmizdəki qış turizm mərkəzləri ilə daha çox maraqlanıblar: «Stendimizdə Azərbaycandakı «Şahdağ» Yay-Qış Turizm Kompleksi, Qəbələdəki «Tufan» xizək mərkəzi haqqında məlumatları özündə əks etdirən çap məhsulları vardı. Ziyarətçilər turizm mərkəzlərilə çox maraqlanırdılar. Biz onlara geniş məlumatlar təqdim edirdik. Baxmayaraq ki, bu mərkəzlər yeni fəaliyyətə başlayıb, artıq xarici turistlərdə bu barədə məlumatlar var”.
Sərgidə Azərbaycanın turizm şirkətləri və hotelləri də yüksək fəallıq göstərib, müxtəlif ölkələrin təmsilçiləri ilə əməkdaşlıq əlaqələri qurublar: “Hesab edirəm ki, Azərbaycanın «EMİTT-2014» sərgisində iştirakı ölkəmizin turizm imkanlarının tanıdılması və yeni əlaqələrin qurulması baxımından çox əhəmiyyətli oldu».
Qeyd edək ki, 2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, «EMİTT» sərgisində iştirak edir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar