Türkiyənin Antalya vilayətindəki Aspendos qədim şəhərinin qalıqları üzərində aparılan araşdırmalar zamanı Roma dövrünə aid, təxminən iki min il yaşı olan Zevs və Afrodita heykəlləri tapılıb.
Arxeoloji araşdırmalar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Gələcəyə miras” layihəsi çərçivəsində aparılır.
Qeyd edək ki, günümüzədək gəlib çatan nadir qədim teatr binası və su kəmərlərindən birinə sahib bu antik şəhər yerində 2008-ci ildə başlayan səthi araşdırmalar 2022-ci ildən etibarən Afyon Kocatepe Universitetinin mütəxəssisləri tərəfindən davam etdirilir.
Türkiyənin yerləşdiyi coğrafiyanın nə qədər zəngin maddi-mədəni irsə malik olduğunu təkcə xüsusi arxeoloji ekspedisiyalar təsdiq etmir. Həyata keçirilən iri infrastruktur layihələri də torpağın altındakı tarixi üzə çıxarır.
Azərbaycan təbii qazını Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası zamanı bir çox tarixi əsər aşkarlanıb. Boru xəttinin inşa edildiyi beş il ərzində aşkarlanaraq Türkiyənin mədəni irs inventarına daxil edilən minə yaxın əsər 2020-ci ildən etibarən ölkənin muzeylərində sərgilənir. Həmçinin çöl tədqiqatları nəticəsində əvvəllər qeydə alınmayan 106 yeni ərazi aşkarlanaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müvafiq regional qurumlarının mühafizəsi altına alınıb.