Azərbaycan təmsilçisi Dünya Turizm Təşkilatının toplantısında təkliflə çıxış edib

Yanvarın 24-də İspaniyanın Madrid şəhərində keçirilən «FİTUR» beynəlxalq turizm sərgisi çərçivəsində BMT-nin Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin növbəti toplantısı olub. Tədbirdə İdarə Heyətinin Avropa üzrə vitse-prezidenti, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov iştirak edib.

Bu barədə qəzetimizə məlumat verən Nahid Bağırov bildirdi ki, iclasda bir sıra vacib məsələlər müzakirə olunub: «Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin ildə bir dəfə geniş yığıncağı keçirilir. Bu toplantılar adətən beynəlxalq turizm sərgiləri günlərində reallaşır. Madrid toplantısında Azərbaycan tərəfi olaraq növbəti iclasın Bakı şəhərində keçirilməsi ilə bağlı təklif verdik. Təklifimiz qeydiyyata alındı və belə qərara gəlindi ki, mart ayında Berlində keçirilən görüşdə bu barədə yekun qərar verilsin. Bakı yığıncağının 2014-cü ilin sentyabrında gerçəkləşməsini təklif etdik».
Həmsöhbətimiz bildirdi ki, toplantıda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərdən biri də turizm şirkətləri ilə bağlı olub. Belə ki, dünyada fəaliyyət göstərən turizm şirkətlərinə dərəcə verilməsi təklif edilib: «Hotellər 2, 3, 4, 5 ulduzlu olduğu kimi, turizm şirkətləri də dərəcə ala bilər. Bu təklifi səsləndirməyimizin də səbəbləri var. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlıq müqaviləsi bağlanır. Bəzən bir şirkətin göndərdiyi turistləri digər şirkət yaxşı qarşılayıb, lazımi səviyyədə yola sala bilmir. Bizim də istəyimiz budur ki, hər şirkət özünə, fəaliyyət dairəsinə uyğun şirkətlə əməkdaşlıq qursun. Belə dərəcələnmə sistemi olarsa, hər bir şirkətlə bağlı məlumatlar ümumiləşdirilib sistemə yerləşdiriləcək. Bundan sonra şirkət də biləcək kiminlə əməkdaşlıq edir, müştəri də biləcək ki, hansı şirkətə sifariş verir. Bu təklifimiz də müsbət qarşılandı və mart ayındakı toplantıda müzakirə edilməsi üçün qeydə alındı. Mərkəzi qərargahı İspaniyada yerləşən İKTA təşkilatının prezidenti Dünya Turizm Təşkilatı Birləşmiş Üzvlərinin İdarə Heyətinin sədridir. Bu qurum standartlaşdırma ilə məşğuldur. Qurumun rəhbərliyi ilə artıq razılığa gəlinib, onlar da öz təkliflərini hazırlayacaqlar».
Nahid Bağırov qeyd etdi ki, Azərbaycandan 21 təşkilat Dünya Turizm Təşkilatının Birləşmiş Üzvləri sırasındadır. Üzv sayına görə ölkəmiz təşkilatda İspaniyadan sonra ikinci yerdədir.

Turizm şirkətləri əməkdaşları üçün kurslar

Nahid Bağırov söhbət əsnasında AZTA-nın turizm şirkətlərinin menecerləri üçün treninq kursları təşkil etməsi barədə də məlumat verdi: «AZTA-nın tərkibində treninq mərkəzi fəaliyyət göstərir. Biz vaxtaşırı olaraq hotel əməkdaşları üçün də bu tipli kursları təşkil edirik. Bu dəfə təşkil etdiyimiz treninqlər turizm şirkətləri əməkdaşları üçündür. Kurslar iki istiqamətdə reallaşdırılır. Artıq turizm şirkətlərində yeni işə başlayan əməkdaşlar üçün kurslara yanvarın 22-dən start verilib. Bu kurslarımız 3 həftə davam edəcək. Fevralın 10-14-də reallaşdırılacaq təkmilləşdirmə kursları isə şirkətlərdə bir neçə il çalışan turmenecerlər üçün nəzərdə tutulub. Bu kursları aparmaq üçün Rusiyadan təcrübəli mütəxəssis dəvət etmişik. Onu da deyim ki, bu tip kurslar Azərbaycanda ilk dəfə həyata keçirilir”.
Həmsöhbətim bildirdi ki, kurslarda dinləyicilərə individual və VİP müştərilərlə işləmək, onlar üçün ənənəvi istiqamətlərə, yaxtalara, aviareyslərə, xüsusi əyləncə turlarına, tibbi və sağlamlıq məkanlarında istirahətin öncədən bronlaşdırılması və s. qaydalar öyrədiləcək. Dinləyicilər bir neçə mərhələdə imtahan verəcəklər. Bundan sonra onlara Azərbaycan Turizm Assosiasiyasının sertifikatı veriləcək».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar