Bu gün Şamaxı nəinki əsrarəngiz təbiəti, gözəl flora və faunası, habelə qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur. Təsadüfi deyil ki, bölgəyə gələn turistlərin sayı da ildən-ilə artır.
Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgənin turizm həyatını xeyli canlandırıb. Rayonda ümumilikdə 900 yerləşdirmə yeri olan hotel və istirahət mərkəzləri turistlərə xidmət göstərir.
Qonaqlara rayon üzrə beş turist marşrutu təqdim edilir. Şamaxı-Pirqulu-Dəmirçi kəndi, Şamaxı-Gülüstan qalası, Şamaxı-Kələxana kəndi, Şamaxı-Göylər kəndi, Şamaxı-Bəyqurd qalası marşrutları rayona gələn turistlərin ən çox istifadə etdiyi istiqamətlərdir. Turistlər marşrut boyu yollarının üzərində yerləşən XVIII-XIX əsrlərə aid Yeddi Günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VII-XV əsrlərə aid Gülüstan qalası və nəhayət, XII-XV əsrlərə aid Bəyqurd qalası (Buğurd qalası da deyilir) kimi tarixi abidələrlə tanış olur, bələdçilər onlara bir neçə dildə bu mədəni irs nümunələrimiz haqqında ətraflı məlumatlar verirlər.
Son illərdə Şamaxıya Türkiyə, İran, Almaniya, Rusiya və digər ölkələrdən gələnlərin də sayı artıb. Əgər 2011-ci ildə Şamaxıya ümumilikdə 70 min nəfər gəlmişdisə və onlardan təxminən 3600-ü xarici turist olmuşdusa, 2012-ci ildə bu rəqəmlər müvafiq olaraq 71 min və 5500, 2013-cü ildə 81 min və 9700 olub.
Fəxriyyə Abdullayeva