İyunun 6-da İstanbulda VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başlayıb. Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti və “Azərbaycan çadırı” ilə təmsil olunur.

Festivala 14 Qarabağ atı gətirilib. Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan “Koroğlu”nun adını daşıyan şou-kompozisiya ilə çıxış edəcək. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulan “Azərbaycan çadırı”nda ölkəmizin milli-mədəni dəyərləri, eləcə də milli musiqi və rəqsləri, müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları, milli geyimlər iştirakçılara təqdim olunur. Qonaqlar canlı olaraq mütəxəssislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və ağac üzərində oyma sənətinə dair iş prosesini yaxından izləmək imkanı əldə ediblər.

Tədbirin bədii hissəsində mərkəzin nəzdində fəaliyyət göstərən “Xəzər” rəqs ansamblının ifasında milli rəqslərimiz, azərbaycanlı gənc ritm ustalarının çıxışları, habelə Ağdam rayon Gülablı kənd Musiqi məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və şagirdlərinin ifaları nəzərdə tutulub.

İstanbulun artıq fəaliyyətini dayandırmış Atatürk hava limanının ərazisində təşkil olunan tədbirdə 30-dan çox ölkə iştirak edir.

Atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəxas oyunları tanıdılır.

2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalda indiyədək ümumilikdə 50-dən artıq ölkə iştirak edib. Azərbaycandan Qarabağ atlarının nümayişləri isə hər il iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır.