İyunun 10-da Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Səid Rüstəmovun (1912–1983) vəfatının 41-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olundu, məzarı üzərinə tər çiçəklər düzüldü.

Anım mərasimində Beynəlxalq Muğam Mərkəzinin Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin kollektivi unudulmaz bəstəkarı dərin ehtiramla yad etdi. Orkestrin bədii rəhbəri və baş dirijoru Mustafa Aşurov çıxış edərək bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açdı.

Bildirdi ki, Xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün müsəlman Şərqində xalq çalğı alətlərindən ibarət professional notlu orkestrin əsası qoyulub. Həmin ildən orkestrinin konsertmeysteri (tarzən), 1935–73 illərdə isə baş dirijoru və bədii rəhbəri olmuş Səid Rüstəmov bu orkestr üçün bir sıra əsərlər yazıb. Bəstəkar tar ifaçılığı və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirib, musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri olub. Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasını yaradıb.

Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən bəstəkarın geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqına 1949–1952-ci illərdə Səid Rüstəmov rəhbərlik edib.

Hazırda Səid Rüstəmovun adını daşıyan kollektiv onun qoyduğu yolu uğurla davam etdirir. Orkestrin üzvləri Əməkdar artist, tarzən Səbuhi Cəfərov, kamança ifaçısı Vidadi Paşayev bəstəkar haqqında xatirələrini bölüşüblər.

Lalə