Ölkəmizdə perspektivli turizm sahələrindən biri də kurort turizmidir. Ölkə Prezidenti regionların inkişafı üzrə 2009-2013-cü illər üzrə Dövlət Proqramının yekunlarına həsr olunmuş iclasda bu sahənin inkişafını prioritet istiqamətlərdən biri kimi qeyd edib. Bu sahədə dövlət tərəfindən müəyyən işlər görülür, Naftalanda geniş kurort-turizm imkanları yaradılır.

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə, «Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı görülən işlərin nəticəsində ölkəmizə ilboyu turist axınını təmin edilə bilərik. Mütəxəssis deyir ki, məşhur müalicəvi sulardan biri olan «Qalaaltı» suyu xüsusiyyətlərinə görə Ukraynanın Truskovets bölgəsindəki Naftusiya suyundan heç də geri qalmır. Bu su qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı xəstəlikləri və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Hələ sovet dövründə suyun mənbəyində sanatoriya yaradılmışdı. Lakin müasir standartlara cavab vermədiyindən fəaliyyətini dayandırmalı olmuşdu. Ölkə Prezidentinin tapşırığı ilə «Qalaaltı» sağlamlıq istirahət zonasında yenidənqurma işlərinə başlanılıb, müasir standartlara cavab verən «Qalaaltı Hotel SPA»nın tikintisi yekunlaşmaq üzrədir.
Naftalanın turizm mərkəzinə çevrilməkdə olduğunu deyən mütəxəssis qeyd etdi ki, bəzi ölkələrdə süni olaraq turistlər üçün belə mərkəzlər yaradılsa da, bizdə belə təbii məkanlar var və vaxtilə keçmiş Sovet İttifaqında məşhur idi: “Son dövrlər «Çinar» və «Qaşaltı» sanatoriyaları müasir standartlara uyğun olaraq yenidən qurulub və ən tələbkar turistləri qəbul edə bilər. Fikrimcə, Naftalanda fəaliyyət göstərən bütün sanatoriyalar vahid bir assosiasiyada birləşərək birgə reklam kampaniyası aparmalı, müxtəlif dillərdə sayt yaratmalı, müalicə-sağlamlıq turizmi üzrə ixtisaslaşan xarici şirkətlər və KİV-lər üçün infoturlar təşkil etməlidirlər».
Həmsöhbətim deyir ki, Naxçıvan Muxtar Respublikasında mövcud potensial da turizmin müxtəlif növlərinin inkişafına zəmin yaradır. Bölgəyə turist axınını artırmaq üçün Naxçıvanda fəaliyyət göstərən turizm şirkətlərinin müxtəlif turizm növləri üzrə ixtisaslaşmasına nail olmaq lazımdır. Naxçıvanda dini turizmin, müalicəvi turizmin daha da inkişaf etdirilməsi üçün geniş şərait var. Duzdağın, Darıdağ termal suyunun müalicəvi xüsusiyyətlərinin tanıtımı, Əlincəqalaya turistlərin rahat çıxması üçün kanat yol çəkilməsi və s. addımlar əlavə turist cəlbinə imkan verər.

Fəxriyyə