Qurtuluş mücadiləsinin başlandığı Samsunda doqquz gün

 

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Mədəniyyət Yolu Festivalı qərbi Anadoludakı Bursadan sonra Qara dəniz sahilinə – Samsuna gəlib çıxıb. Türkiyə tarixində xüsusi yeri olan, Mustafa Kamal Atatürkün öndərliyi ilə 1919-cu ildə Qurtuluş mücadiləsinin başlandığı şəhər doqquz gün – iyunun 8-dən 16-dək Mədəniyyət Yolu Festivalına ev sahibliyi edəcək.

Festivalın bu mərhələsinə yeni açılan Samsun Muzeyində keçirilən mərasimlə start verilib. Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təkcə türk tarixini deyil, XX əsr dünya tarixini də xeyli dərəcədə dəyişdirən bir mücadilənin başladığı şəhərdə bu festivalı davam etdirməkdən məmnunluq duyduqlarını bildirib. Samsunun bu gün Qara dənizdə türk turizminin lokomotivi olduğunu vurğulayan Ersoy deyib: “Dünya Turizm Təşkilatının məlumatlarına görə, Türkiyə bu gün ilk beş turizm ölkəsindən biridir. Ziyarətçi sayı, turizm gəliri, məhsul müxtəlifliyi, imkanlar və infrastruktur, davamlılıq təcrübələri, bazar müxtəlifliyi ilə turizmin hər sahəsində böyük irəliləyiş əldə etdik. Buna dövlət və özəl sektorun çalışmaları ilə birlikdə nail olduq və bu uğurun davamlılığını birlikdə təmin edəcəyik”.

Qeyd olunub ki, Türkiyə Mədəniyyət Yolu Festivalı da həm bütün bu nailiyyətlərin nəticəsi olan, həm də onlara töhfə verməklə davamlılığı təmin etmək məqsədi daşıyan bir layihədir. Bu, dünyanın ən böyük və ən əhatəli festivalıdır. Avropa Festivallar Assosiasiyasına üzv qəbul olunub və hər il rekordlar qırmağa davam edir. Samsun da artıq bu böyük markanın, mədəniyyət və incəsənətlə inteqrasiya olunmuş turizm baxışımızın bir parçasıdır.

Diqqətə çatdırılıb ki, Samsunda 30 fərqli məkanda minə yaxın sənətçinin qatıldığı festivalda konsertlərdən sərgilərə, opera və balet tamaşalarından türk kinosunun Ediz Hun və Türkan Şoray kimi korifeyləri ilə görüşlərə, uşaqlar üçün proqramlardan rəqəmsal sənətə qədər ümumilikdə 600-ə yaxın tədbir keçiriləcək. Festivalın davam etdiyi doqquz gündə tədbirlərin keçirildiyi muzeylərə giriş pulsuzdur.

Festivalın Qərbi parkda qurulan əsas səhnəsində Oğuzhan Koç, Uğur Aslan, Ferhat Göçer, Can Bonomo, Mert Demir, Cem Adrian və başqa sənətçilərin, eləcə də xor və instrumental ansamblların konsertləri keçirilir.

Qastronomiya da festivalın mühüm mövzularından biridir. Bölgənin zəngin mətbəxinin tanıdılması məqsədilə 15 yerdə “ləzzət dayanacağı” qurulub. “Ziyarətçilərimiz bu coğrafiyanın köklü və ənənəvi ləzzətlərini dadacaq və onların hekayəsini, məzmununu və hazırlığını öyrənəcəklər”, – deyə nazir Ersoy əlavə edib.

Qeyd edək ki, ümumilikdə 16 şəhəri əhatə edən Türkiyə Mədəniyyət Yolu Festivalı proqramın dörddə birini (Adana, Şanlıurfa, Bursa, Samsun) tamamlamaq üzrədir. Festival 22–30 iyunda Qara dəniz sahilində daha bir şəhərdə – Trabzonda davam edəcək. Festivalin növbəti marşrutları kulturyolufestivali.com saytında.

Vüqar Orxan