Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran – Türk Dünyasının Gənclər Paytaxtı 2024” proqramına start verilib.
İyunun 9-da keçirilən açılış mərasimində rəsmilər, TDT katibliyi və quruma üzv ölkələrin nümayəndə heyətləri, 6 ölkədən 50-yə yaxın gənc iştirak edib.
2023-cü ildə “Gənclər paytaxtı” olmuş İstanbul şəhərindən rəmzi açar 2024-cü ilin ”Gənclər paytaxtı”na təqdim edilib. “Lənkəran – Türk Dünyasının Gənclər Paytaxtı”nın loqosu da təqdim olunub. Sonra qonaqlar konsert proqramını izləyiblər.
Üç gün (9–11 iyun) sürən proqram çərçivəsində “TDT Gənclər Platformasının II Baş Assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu” təşkil edilib.
Xatırladaq ki, Lənkəran şəhəri 2023-cü il noyabrın 9-da TDT gənclər və idman nazirlərinin İsmayıllı rayonunun Basqal kəndində keçirilmiş iclasında 2024-cü il üzrə “Türk Dünyasının Gənclər Paytaxtı” elan olunub. Layihənin məqsədi TDT ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsi, bu işə töhfə verən gənclərin bacarıqlarının artırılması, ünsiyyət və əməkdaşlığın təşviqidir.