10-11 iyun tarixlərində İspaniyanın Barselona şəhərində BM Dünya Turizm Təşkilatı (BMT Turizm) İcraiyyə Şurasının 121-ci sessiyası keçirilib.

Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə təşkil edilən sessiyada təşkilata üzv olan 30-dan çox dövlətin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov sessiyada çıxış edib. O, cari ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm mövzusunun daha geniş təmsil olunması ilə bağlı hazırda BMT Turizm ilə aparılan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

COP29-un iqlim dəyişikliyi siyasətində turizmin rolunun gücləndirilməsinin əhəmiyyətli təsirə malik olduğunu vurğulayan K.Qasımov İcraiyyə Şurasının üzvlərini COP29 təşkilatçılığında BMT Turizm ilə birgə irəli sürülən təşəbbüslərə dəstək olmağa çağırıb.