Dünyanın nüfuzlu konservatoriyaları sırasında yer alan Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Orkestr dirijorluğu və Opera müşayiəti fakültələrinin tələbəsi Tamilla Sadıqbəyli növbəti səhnə uğurunu qeyd edib.

T.Sadıqbəylinin dirijorluğu ilə Vyana Konsert Cəmiyyəti (Wiener Konzertvereinigung) Orkestri şəhərdəki “Konzerthaus”un Motsart zalında çıxış edib.

Konsertdə xarici bəstəkarların əsərləri ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” da ifa olunub.

Konsertdən əvvəl tamaşaçılara Qara Qarayevin yaradıcılığı, eləcə də “Yeddi gözəl” baleti haqqında qısa məlumat verən gənc dirijor bu baletdən olan valsın Azərbaycan musiqisevərləri üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, avstriyalılar üçün Yohann Ştrausun “Mavi Dunay” valsı nə qədər doğma və seviləndirsə, azərbaycanlılar da bu valsı o qədər sevirlər.

Proqramda “Yeddi gözəl” baletindən gözəllərin rəqsləri, eləcə də “Aişənin rəqsi” də təqdim olunub. Avropa bəstəkarlarından Karl Mariya fon Veberin ”Klarnet və orkestr üçün konsert” və Jorj Bizenin “Karmen” operasından süita da ifa edilib.

Qeyd edək ki, hələ tələbə olsa da, müxtəlif orkestrlər T.Sadıqbəylinin peşəkarlığını nəzərə alaraq, onu konsertlərdə dirijor pultunda yer almağa dəvət edirlər.