Fransanın “Mezzo” telekanalı beş il ərzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərinin ifa edildiyi konsert layihələrini yayımlayacaq.

Mədəniyyət Nazirliyinin “Mezzo” ilə birgə həyata keçirdiyi bir neçə layihə çərçivəsində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Hacı Xanməmmədov, Arif Məlikov və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri məşhur konsert salonlarında dünyaşöhrətli solist və orkestrlər tərəfindən ifası telekanal tərəfindən lentə alınıb. Qarşıdakı illərdə həmin videoyazılar kanalda yayımlanacaq.

Bu barədə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan musiqi nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanatında da məlumat diqqətə çatdırılır.

Qeyd edək ki, Fransanın musiqi üzrə ixtisaslaşmış “Mezzo” telekanalı vasitəsilə bundan öncə də Azərbaycan bəstəkarlarının əsərləri yayımlanıb. O cümlədən 2018-ci ildə Qara Qarayevin, 2022-ci ildə Fikrət Əmirovun 100 illiyi münasibətilə kanalda hər iki bəstəkarın yaradıcılığına yer ayrılıb.