Turizm sektorunun növbəti 10 il üçün inkişaf templəri haqqında araşdırma aparılıb

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin əməkdaşları Azərbaycan Turizm İnstitutunun (ATİ) mütəxəssisləri ilə birlikdə ölkəmizdə turizm sektorunun növbəti 10 il üçün inkişaf templəri haqqında araşdırma aparıb. «Azərbaycan turizmi 2023-cü ildə: hədəflər və qarşıda duran vəzifələr» adlı araşdırmada çox maraqlı nəticələr əldə edilib.

Bu barədə məlumat verən ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, “Azərbaycan 2020. Gələcəyə baxış” İnkişaf Konsepsiyasında turizm mühüm sahələrdən biri kimi qeyd olunub və bu istiqamətdə proqnozlaşdırma aparılır. Sözügedən araşdırma da bu çərçivədə həyata keçirilib: «Turizmin artım dinamikasının idarə olunması üçün görüləcək tədbirlər müəyyənləşdirilib. Bu sahədə inkişafın əhalinin yaşayışına təsiri, ətraf mühitin qorunması, tarixi abidələrin mühafizəsi, ölkəyə nə qədər turist cəlb olunması kimi məsələlər proqnozlaşdırılıb. Mühüm məsələlərdən biri turizm bazarının inkişafının səviyyəsinə uyğun və onun tələblərinə cavab verə biləcək səviyyədə kadr hazırlığıdır».
Həmsöhbətimiz araşdırmada istifadə olunan metodologiya barədə də danışdı: “Proqnozlaşdırma ilə bağlı bir neçə metodologiya var. Bunlardan biri keçmiş 10 ilə baxıb gələcək 10 ili proqnozlaşdırmaq üsuludur. Bu üsulla dünyanın 60-a yaxın ölkəsi strateji planlaşdırma aparır. Məsələn, Türkiyə qarşıya 2023 hədəflərini qoyub, Türkiyə Cümhuriyyətinin 100 yaşı olanda ölkə hansı məqsədlərinə çatacaq. «Azərbaycan 2020. Gələcəyə baxış» konsepsiyasında da turizmlə bağlı məqamlar var. Biz isə 2023-cü ilə qədər, yəni qarşıdakı 10 ilin proqnozlarını hazırladıq.
Araşdırma zamanı müqayisə olaraq 10 ölkənin turizm göstəricilərini götürdük. Bu zaman xüsusilə diqqət yetirdik ki, həmin ölkələrə il ərzində nə qədər turist gəlib, yataq sayı nə qədər olub, turizm sahəsində nə qədər işçi çalışır, onların neçə faizi peşə, orta ixtisas və ali təhsillidir».
Eldar Aslanovun sözlərinə görə, 2013-2014-cü dərs ilində turizm üzrə təhsilin bütün pillələrində ölkə miqyasında 1029 nəfər məzun olacaq. Onların 272 nəfəri ali, 480 nəfəri orta ixtisas, 277 nəfəri isə texniki peşə təhsilli olacaq. Bəs növbəti bir il ərzində əmək bazarı nə qədər kadr istəyir? Mütəxəssis deyir ki, tikiləcək hotellər, yeni yaranacaq müəssisələr hesaba alınmasa, hazırda mövcud olan obyektlərə bundan iki dəfə çox, təxminən 2000 min nəfərə yaxın kadr lazımdır: «Hazırda Azərbaycanda 170 turizm şirkəti (2023-cü ildə bu rəqəmin 350-yə çatacağı proqnozlaşdırılır), 516 mehmanxana (2023-cü ildə 1500-dən çox) fəaliyyət göstərir. Ölkə ərazisində cəmi yataq sayı 33 min (2023-cü il üçün təxminən 100 minə yaxın), turizm sahəsində çalışanların sayı 9051 (2023-cü ildə təxminən 75 min 600) nəfərdir. Ölkəmizə 2013-cü ildə təxminən 2 milyon 484 min turist gəlib. 2023-cü ilə qədər bu rəqəmin 5 milyon olacağını proqnozlaşdırmışıq. Hazırda ümumi daxili məhsulda turizmin çəkisi 0,9 faizdir. 2023-cü ildə bu, 2,5 faiz olacaq».
Araşdırma müəllifləri bu nəticəyə gəliblər ki, gələcəkdə hotellərdə, turizm şirkətlərində çalışacaq kadrlar kifayət etməyəcək. Hazırda fəaliyyət göstərən tədris müəssisələrinin imkanları ilə o qədər kadrı hazırlamaq mümkün deyil: «2023-cü ildə turizm sektorunda işləməsi tələb olunan kadrlar hazırkı saydan təxminən 8 dəfə çox, 75 min nəfərə yaxındır. Onların 20 faizi ali, 30-40 faizi kollec, qalanı isə peşə təhsilli olmalıdır. ATİ və digər ali təhsil müəssisələri bu hesablamalarla 2023-cü ilə qədər 15 min nəfər ali turizm təhsilli kadr hazırlamalıdır. Turizm İnstitutunun hazırda 1710 tələbəsi var, mövcud maddi-texniki baza ilə ildə 300-350 nəfər qəbul edə bilər. Növbəti 10 ildə ATİ-nin cəmi 3000-3500 nəfər kadr hazırlamaq imkanı var. Bu isə proqnozlaşdırılan 2023-cü il hədəfinin beşdə biri deməkdir. Orta ixtisas və peşə təhsilində də analoji vəziyyətdir. Təklifimiz odur ki, ATİ-nin ildə 2000 nəfərə yaxın qəbul planını həyata keçirə biləcəyi yeni bir tədris məkanı, tətbiqi elmlər universiteti kimi böyük bir şəhərciyi olmalıdır. Bunun üçün bizim müəllim potensialımız da var. Xaricdən də müəllimlər dəvət edə bilərik.
Masallıda və Xaçmazda ATİ-nin filialının açılması məsələsi gündəmdədir. Buna tam hazırıq, kadr potensialımız var».
Eldar Aslanov bildirdi ki, araşdırmanın nəticələri arayış formasında Mədəniyyət və Turizm, Təhsil nazirliklərinə təqdim ediləcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar