İtaliya, Çin, Argentina, Dominikan Respublikası və Keniya sərgidə ilk dəfə təmsil olunacaq
Ənənəvi olaraq bu il də Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AİTF 2014”) yay turizm mövsümü ərəfəsində baş tutacaq. Aprelin 3-dən 5-dək “Bakı Expo” mərkəzində reallaşacaq sərgidə 200-dən artıq şirkətin iştirakı gözlənilir.
Bu barədə məlumat verən AİTF layihəsinin rəhbəri Xəyal Əliyevanın sözlərinə görə, artıq sərgiyə ciddi hazırlıq gedir. AİTF-in regionun turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərgi statusunu qazandığını deyən layihə rəhbəri qeyd edib ki, tədbir hər il Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları «İteca Caspian» və onun tərəfdaşı Böyük Britaniyanın «İTE Group plc» şirkətidir.
Bu il də sərgidə iştirak edəcək şirkətlər xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərinin təqdimatı ilə çıxış edəcəklər. “AİTF 2014” sərgisi 60-dan çox turizm istiqamətini elan etməklə, «Bütün dünya - bir sərgi» şüarını doğruldur: “Artıq 20 ölkə öz milli ekspozisiyası ilə iştirak etmək istədiyini bəyan edib. Onların çoxu azərbaycanlı turistlər üçün ənənəvi istirahət yerləridir. Məsələn, Türkiyə, Bolqarıstan, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, BƏƏ, Sloveniya, Çernoqoriya və s. Sərgidə ilk dəfə iştirak edən İtaliya, Çin, Argentina, Dominikan Respublikası və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər. Onu da deyim ki, Argentina və Dominikan Respublikası öz milli stendləri ilə debüt edirlər. Azərbaycan regionlarının turizm imkanları geniş ekspozisiyada nümayiş etdiriləcək».
Bu günlərdə İstanbulda keçirilən «EMİTT» beynəlxalq turizm sərgisində olduğunu deyən Xəyal Əliyevanın sözlərinə görə, sərginin bir çox iştirakçısı «AİTF 2014»ə qatılmaq istədiyini bildirib: «Azərbaycan hər il bu sərgidə öz milli pavilyonu ilə iştirak edir. Bu il isə bizim stendi daha çox sayda insan ziyarət etdi və peşəkar ziyarətçilərin turizm marşrutu olaraq Azərbaycana maraq göstərdikləri hiss olunurdu».
Fəxriyyə Abdullayeva