“Vətən fədailəri” rubrikamızda Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı ölkəmizin suverenliyi uğrunda canını və qanını əsirgəməyən şəhidlərimiz haqqında məlumat verməyə davam edirik. Bu dəfə şəhid Ceyhun Sadiqovu xatırlayacağıq.

Ceyhun Niyaməddin oğlu Sadiqov 2002-ci il avqustun 26-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Bakı şəhərindəki Cahangir Cahangirov adına 4 nömrəli tam orta məktəbi bitirib.

İki bacının tək qardaşı olan Ceyhun uşaq yaşlarından mərdliyi və yardımsevərliyi ilə seçilirdi. Orta məktəbi bitirdikdən sonra Vətən qarşısında əsgəri borcunu yerinə yetirməyə yollanır. Hərbi xidmətdən sonra ailəsinin, sevdiklərinin yanına qayıdır. Ceyhun ailəsi qədər doğma Vətənini də sevirdi. Vaxt gələcək, heç düşünmədən öz canını onun uğrunda fəda edəcəkdi...

Odur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər libasını əynində daşımağa qərar verir. Onun da qismətində Vətən torpağının yağıdan təmizlənməsində iştirak etmək, yurdumuzu yırtıcı xislətli erməni separatizmindən təmizləmək vardı. Bir də ən uca zirvə olan şəhidlik mərtəbəsinə yüksəlmək.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatında Ceyhun da əzm və iradə ilə döyüşlərdə iştirak edir, bir neçə yüksəkliyin erməni terrorçularından təmizlənməsində xüsusi qəhrəmanlıq göstərir. Xankəndi istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Bakı şəhərindəki II Fəxri xiyabanda torpağa tapşırılır.

Şəhidin hərbçi yoldaşı Mirzağa Hüseynov Ceyhunla bağlı xatirələrini dilə gətirir: “Mənim Ceyhunla ilk tanışlığım 2020-ci il noyabrın 15-i Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimləri vaxtı olub. Elə gətirdi ki, Ceyhunla hərbi xidmət dövründə də yanaşı olduq, Vətən qarşısında borcumuzu birlikdə yerinə yetirdik. Bu yol nə qədər çətin olsa da, Ceyhun hər zaman mənə səbirli olmağı öyrətdi. Əsgərlik vaxtımız bitəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna daxil olduq. Kursun müddəti qısa olsa da, orada yaddaqalan və bir o qədər də çətin günlərimiz oldu”.

Mirzağa Hüseynov bildirir ki, Ceyhunun 21 yaşı olmasına baxmayaraq, həmişə yaşından böyük, təmkinli davranıb: “Ceyhunla birlikdə 2023-cü il sentyabrın 19-da Xankəndi istiqamətində antiterror əməliyyatına qoşulduq. Ceyhun bizə çox dəstək olurdu. Yaralananlara ilkin tibbi yardım göstərməyin qaydasını bizlərə başa salırdı. O həm də bizdə döyüşün uğurla başa çatacağına inam yaradırdı. Həmin gün gecə saatlarında Xankəndi-Xəlifəli yolu düşməndən təmizlənirdi. 1630 metr yüksəklikdəki düşmən postu azad edilərkən Ceyhun böyük şücaət göstərərək şəhadət şərbətini içdi. Allah Ceyhuna və bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Ceyhun Sadiqov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ruhu şad olsun.

Nurəddin