Fevralın 26-da Yaltada ənənəvi «Krım. Kurortlar. Turizm» beynəlxalq yarmarkası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm üzrə işçi qrupunun iclası keçiriləcək. Xatırladaq ki, ölkəmiz də bu təşkilatın üzvüdür. Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, işçi qrupunun iclasında turizmin ayrı-ayrı növlərinin inkişafı məsələləri müzakirə olunacaq.
Tədbirdə Ukrayna tərəfi «Qara dəniz regionunda kruiz turizminin inkişafı» layihəsini təqdim edəcək. Ukrayna Dəniz Limanları Administrasiyasının nümayəndəsi «Kruiz turizminin inkişafı» mövzusunda təqdimatla çıxış edəcək.
Krım Muxtar Vilayətinin kurortlar və turizm naziri Aleksandr Liyevin sözlərinə görə, Qara dəniz regionu müasir dünyanın böyük turizm potensialına malik ən əhəmiyyətli mərkəzlərindən biridir: «Qara dənizin vahid turizm məkanı kimi inkişaf etdirilməsində bütün ölkələrin səylərini birləşdirmək lazımdır».
Fəxriyyə Abdullayeva