Son illər, daha doğrusu, İkinci Qarabağ – 44 günlük Vətən müharibəsindən sonra bu mahnıya başqa ovqatda qulaq asır, ara-sıra zümzümə də edirəm. Düşünürəm ki, illərlə işğalda qalıb, həsrətdən saralıb-solan yurd yerlərimiz həm də bu nəğmələrlə yenidən cana gəlir...
Qəlbləri titrədən nəğmələrimiz arasında öz yeri olan “Qarabağ”. Yazılmasından uzun illər keçməsinə rəğmən səs texnikası və istedadı, janr və üslubundan asılı olmayaraq, neçə-neçə ifaçının repertuarını bəzəyib və bəzəməkdə davam edir.
“Anadır arzulara hər zaman Qarabağ”, bir çox hallarda da “Can Qarabağ” kimi qeyd olunan mahnı, əslində, “Qarabağ” adlanır.
Dinləyici auditoriyası bu mahnını ilk dəfə 1972-ci ildə – hələ o zaman gənc xanəndə kimi populyarlaşmağa başlayan Xalq artisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı Arif Babayevin ifasında eşidib. Sözsüz ki, ifa manerası və ümumilikdə mahnının melodiyası xalq üslubuna yaxın olduğundan elə belə də bilinib.
Təsadüfi deyil ki, indi də bir çoxları bu nəğməni xalq mahnısı hesab edir. Əslində, bu mahnı da çox sevilən saysız nəğmələr müəllifi Bəhram Nəsibov (1942–1998) yaradıcılığına məxsusdur. Bəstəkarın anadan olmasının növbəti ildönümündə onu bir də bu mahnının “qanadlarında” yad etməyə dəyər...
B.Nəsibovun milli mahnı janrının inkişafında misilsiz xidmətləri var. O, Azərbaycan musiqisində istedadı, xalq musiqisindən qaynaqlanan incə duyumu ilə seçilən nadir sənətçilərdən idi. Professional musiqi təhsili olmasa da, şair, dramaturq, publisist və bəstəkar kimi 300-dək mahnıya can verən B.Nəsibov, təəssüf ki, qəribə, yaradıcı insan üçün ağrılı bir sənət ömrü yaşayıb. Mahnıları “xalq mahnısı” və “təsnif” kimi səslənib...
Yeri gəlmişkən qeyd edək ki, B.Nəsibov Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda oxumağa başlayıb. Ali təhsilini başa vura bilməsə də, nəğmələri onun sənət dünyasını bütöv şəkildə musiqisevərlərə təqdim edib.
Maraqlısı budur ki, bəstəkarın ilk mahnısı, daha doğrusu, onu ictimaiyyətə təqdim edən ilk yaradıcılıq işi də məhz “Qarabağ”dır.
Müəllif bu mahnını 1968-ci ildə yazıb. Əvvəl tarda ifa edən sənətkar sonradan sənət dostlarının təklifi ilə el məclislərində iştirak etmək üçün dövrün populyar aləti olan gitarada çalmağa başlayıb. Xalq onu mahir gitara ifaçısı kimi də sevib, nəinki Qarabağ elində, bütün bölgələrdə məclislərə dəvət edib. Buna rəğmən bütün bəstələrini tar üzərində yazıb.
Xalq artisti Arif Babayevin B.Nəsibovla bağlı xatirələrində bir məqam diqqətimi xüsusən cəlb etdi. Sən demə, ifaçı ona təklif olunan bu mahnını bir neçə il sonra oxuyub. Necə deyərlər, tutacağına şübhə edib. Yalnız bir neçə il sonra Arif Babayev özü bu mahnını xatırladıb və tədbirlərin birində oxuyub. Lentə alınan nəğmə qısa zamanda ritmik mahnı kimi istər konsertlərdə, istərsə də məclislərdə sevilərək dinlənilib.
Beləcə, B.Nəsibovun sonralar yazacağı “Qal, sənə qurban”, “Ey nazlı Dilbərim”, “Neyçün bəs”, “Ay dəli ceyran”, “Səni qəmli görəndə”, “Deyin hardadır?!”, “Xatırla məni” mahnıları kimi “Qarabağ” da ifaçılarına böyük sevgi qazandırıb.
Əksər mahnılarının mətn müəllifi də özü olan B.Nəsibov lirik şeirlər yazıb. Əksəriyyəti mahnı mətni olsa da, hələ bəstəkarını gözləyən neçə-neçə şeiri ondan miras qalıb.
Qəribədir, bundan əvvəl bir neçə mahnısı səslənsə də, bəstəkara şöhrəti də məhz şövq ilə yazılmış “Qarabağ” mahnısı gətirib. Efirdə mahnıları səslənən, lakin adı çəkilməyən, yaratdığı əsərlərin şöhrətini kənardan izləyən, müəllif kimi konsert proqramlarında, televiziya ekranındakı titrlərdə adını görməməkdən giley-güzarlı olan bəstəkar ürəyini yeni-yeni mahnılarla soyudar, nə vaxtsa bu haqsızlığın sona yetəcəyinə ümid bəsləyərmiş.
Diplomsuz bəstəkarın bu mahnısı Azərbaycan sərhədlərini aşandan sonra da heç nə dəyişmir. “Qarabağ bülbülləri” kimi yeni kollektivin, bir anda sənət dünyasında günəş kimi parlayan heyətin ifasında səslənir. Murad Rzayevin yaratdığı bu kollektiv, daha doğrusu, onun dörd məktəbli üzvü haqqında SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə 1977-ci ildə qısametrajlı film çəkilir. Kvartetin ifasında “Qarabağ” mahnısından parça kinolentə daxil edilsə də, yenə müəllifinin adı qeyd olunmur.
Mahnının təsirli, maraqlı ifaçılarından biri də Əməkdar artist, xanəndə Süleyman Abdullayev olub. İfaçı 1978-ci ildə teleradionun sifarişi ilə Yeni il konserti üçün bu mahnını da lentə yazdırır. Bu dəfə ona muğam hissəsini də əlavə elətdirir. Amma proqram tərtibatçıları vaxtı bəhanə gətirərək məhz muğam hissəsinin çıxarılması şərti ilə mahnını efirə verirlər.
Mahnının müəllifsiz qeydi ilə son ifaçısı bəstəkar-müğənni Tamilla Məmmədzadə (1984) olur. O dönəmədək Azərbaycanın dilbər guşəsi Qarabağı tərənnüm edən mahnı 90-cı illərdən, yəni qan-qadalı illərin başlaması ilə öz xarakter və ideya yükünü də dəyişdi. “Qarabağ” mahnısı nisgil kimi, ağrı kimi, yanğı kimi, həsrət kimi ruhumuzun haray ladına kökləndi. Təbii ki, bu dəfə müəllifi, onun nisgilli yaradıcılıq yolu, həsrət dolu həyat hekayəti, Qarabağsızlıq əzabları da ona qoşuldu.
Bu dövrdə mahnıya müraciət edənlərin sayı daha da artır. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Yaqut Abdullayeva, Aygün Bəylər, Təyyar Bayramov, Səbuhi İbayev, xanəndələr Elnur Zeynalov, Qoçaq Əsgərov kimi neçə-neçə ifaçının repertuarını bəzəyir...
Budur, Qarabağ azaddır və yenə də orada “Gül açır qəlbimizin ən şirin arzuları”. Eləcə də Bəhram Nəsibovun müəllif haqqı...
Həmidə Nizamiqızı