Əziz Qubaydullin Azərbaycanda tarix elminin inkişafına töhfə verib
Zaman-zaman ortaq tale yaşadığımız türk xalqları bir-birinin elm, maarif və mədəniyyətinin inkişafı üçün də çalışıblar. Bu yazıda tatar xalqının böyük oğlu, tarixçi, pedaqoq, professor, repressiya qurbanı Əziz Qubaydullin haqqında söz açacağıq. O, Azərbaycanda tarix elminin inkişafına töhfələr verib.
Əziz Salih oğlu Qubaydullin 27 iyun 1887-ci ildə Tatarıstanın Kazan şəhərində tacir ailəsində dünyaya göz açıb. Əvvəlcə molla məktəbində təhsil alır. Səkkiz yaşında “Xalidiyyə” mədrəsəsinə gedir. Burada tələbələrə formal sxolastik məntiq və fəlsəfə ilə yanaşı, Qərb mədəniyyəti, ideoloji mübarizələr tarixi də tədris olunurdu.
Əziz Qubaydullin bu mədrəsədə oxumaqla yanaşı, Rus-tatar məktəbinə də gedir. Görkəmli rus yazıçısı Lev Tolstoyun əsərlərini oxuyur, ədibin həyata baxışına, hadisələrə fərqli yanaşmasına heyran olur.
Kazan şəhərində rusların gündən-günə artması, gənclər arasında fikir ayrılıqları gənc Əzizə də təsir edir. O, xalqçılar, anarxist və sosial demokratlarla yaxından tanış olur. 1904-cü ildə “Xalidiyyə” mədrəsəsini bitirir. 1905-ci ildə Rusiyada baş verən iğtişaşlar tatar gənclərin də diqqətini bu proseslərə cəlb edir. Əziz Qubaydullin də inqilaba qoşulur. Monarxiya və müstəmləkəçilik əleyhinə mübarizə aparır. Dövri mətbuat səhifələrində tatarların haqq və hüquqları ilə bağlı məqalələri dərc edilir. 1909-cu ildə Kazan Universitetinin Hüquq fakültəsinə qəbul olunur. Burada təhsil alan azərbaycanlı həkim, ictimai xadim Soltanməcid Əfəndiyevlə tanış olur. Ancaq onun bu fakültədə təhsili uzun sürmür. “Türk xalqlarının qəhrəmanlıq eposu “Seyd Battal”ın yaranması” adlı tədqiqat əsərini yazır. Əsər universitetin professorları M.M.Xvostov və N.N.Firsovun diqqətini çəkir. Ona Tarix şöbəsinə dəyişilməyi məsləhət görürlər.
Əziz müəllimlərinin, xüsusən xakas əsilli türkoloq Nikolay Fyodoroviç Katanovun məsləhəti ilə “Marko Polo monqol tarixinin araşdırıcısı kimi” mövzusunda diplom işi üzərində işləyir. Diplom işini 1914-cü ildə tamamlayır. Təhsildə qazandığı uğurlara və yazdığı irihəcmli diplom işinə görə universitetin rəhbərliyi tərəfindən birinci dərəcəli diploma layiq görülür. Ona ali məktəbdə qalıb işləmək təklif olunur. Lakin hökumət yanında siyasi etibarsızlığına və tatar olduğuna görə dövlət qulluğuna keçməyə, universitetdə işləməyə icazə verilmir. 1914-cü ildən işlədiyi yeni tipli “Məhəmmədiyyə” tatar mədrəsəsindən də uzaqlaşdırılır.
Kazan qubernatoru onu Sibirə göndərir. Ə.Qubaydullin Orenburq vilayətinin Troitsk şəhərinə gedir. O, buradakı müəllimlər seminariyasında qeyri-rəsmi şəkildə işə götürülür. 1917-ci ilin fevralına kimi orada işləyir.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Ə.Qubaydullin Kazana qayıdır. Professor N.F.Katanov və tarixçi N.N.Firsovun köməkliyi ilə universitetin Tarix kafedrasında işə götürülür. Qısa vaxt ərzində, 1918-ci ildə “Din tarixi kursu”, 1919-cu ildə “Rusiya tarixi kursu” və “Qədim dünya tarixi kursu” dərsliklərini yazır.
1921-ci ildə Şərq Akademiyası və Şərq Pedaqoji İnstitutunda müəllim işləməyə başlayır. “Xəzər xaqanlığının tarixi təcrübəsi”, “Bir tatar salnaməsinin məhvi”, “Puqaçov üsyanında tatarların iştirakı” və s. mövzularda apardığı araşdırmalar ona böyük nüfuz qazandırır. Bununla belə, tez-tez bolşeviklərin təzyiqi ilə üzləşir. Tatar xalqını azadlığa, müstəmləkəçilər əleyhinə mübarizəyə səsləyən məqalə və çıxışları bolşevikləri narahat edir.
1925-ci ildə Səmərqəndə Rusiya müstəmləkəsi olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və digər ölkə və bölgələri azad edib vahid bir dövlət qurmaq istəyi ilə gizli təşkilat qurulur.
Çox keçmir mərkəzi təşkilat Bakıya köçürülür. Təşkilatın bir çox rəhbərləri kimi Ə.Qubaydullin də Bakıya gəlir.
Bakıda onun səmərəli işləməsi və gizli fəaliyyətini davam etdirməsi və təşkilatın formalaşdırması üçün lazımi şərait yaradılır. Həmin vaxt gənclik dostu və tələbə yoldaşı S.Əfəndiyev də burada rəhbər vəzifədə olur. Ə.Qubaydullin Azərbaycan Dövlət Universitetində dosent kimi işə götürülür. Yeni yaradılan Tarix-ictimaiyyət şöbəsinə müdir təyin edilir. Yaradılan şəraitdən səmərəli istifadə edərək 1927-ci ildə “Xəzərlərin mənşəyi məsələsi”, “Tatar burjuaziyasının tarixindən” və “Azərbaycan bəyləri və onların tabeliliyində olan kəndlilər”, “Teymur imperiyasının tənəzzülü və özbəklər mərhələsi” (1928), “Tatarların mənşəyi məsələsi”, “XVI–XVII əsrlərdə tatarların kəndli hərəkatlarında iştirakı” (1929), “İsmayıl Qaspıralının ideologiyasına bir nəzər” (1930) adlı əsərlərini yazır.
Şərq tarixi kafedrasının professoru kimi şöhrəti Azərbaycanın hüdudlarını aşır. 1930-cu ildə Moskva Dövlət Universitetinin də professoru seçilir.
Ə.Qubaydullin pedaqoji fəaliyyətlə yanaşı, tədqiqatlarını da davam etdirir. “Didərgin tatarların sosial inkişafının mərhələləri”, “Bakı və ətrafı kəndlər”, “Fatih Əmirxanov və tatar ədəbiyyatı”, “Türk-tatar xalqları elminin inkişaf tarixi” adlı əsərləri və “Feodal epoxasında SSRİ xalqlarının tarixi kursu”, “Kəndli müharibələri” dərs vəsaitləri işıq üzü görür.
Ə.Qubaydullin eyni zamanda gizli təşkilata yeni üzvlərin cəlb edilməsini də diqqətdə saxlayır. Tələbələrinə getdikləri yerlərdə təşkilatın özəklərini yaratmaq tapşırığı verir. Türk xalqlarının aydın sabahları üçün bir anda olsun dincəlməyən Ə.Qubaydullin 17 mart 1937-ci ildə universitet və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialındakı işindən xaric edilir. Bir müddət sonra həbs olunaraq güllələnir.
Savalan Fərəcov