1941-ci il, Leninqrad, yəni indiki Sankt-Peterburq
…İyunun 22-də o, konservatoriyanın A.K.Qlazunov adına Kiçik zalına gəldi ki, dövlət buraxılış imtahanında iştirak etsin. Bəstəkarlıq kimi ciddi bir fənni tədris etmək üçün cavan sayılacaq müəllim 35 yaşın içindəydi və artıq özünü həm ciddi musiqi əsərlərinin müəllifi, həm də çox yaxşı pedaqoq kimi tanıtmışdı. Amma saat 10-a təyin edilmiş dövlət imtahanı baş tutmadı. Müharibə başlamışdı… Həmin müəllim sonradan XX əsrin musiqi dühalarından sayılacaq Dmitri Şostakoviç idi.
2024-cü il, hər zamankı Bakı
İyunun 22-də o, konsertdən əvvəl Heydər Əliyev Sarayına gəldi. Bu səhnədə yerini alacaq birləşmiş orkestrə (Sarayın tabeliyindəki Niyazi adına Dövlət Simfonik Orkestri və Akademik Opera və Balet Teatrının simfonik orkestri) dirijorluq edəcəkdi. Belə böyük kollektivi çox böyük və məsuliyyətli əsərin ölkədə ilk ifasına hazırlamaq və onu idarə etmək asan iş deyildi… Salondan səhnə arxasına yansıyan uğultu səsləri isə deyirdi ki, bu əsərin ifasından gözləntilər də böyükdür… 65 yaşın içində olan dirijor üçün bu, bəlkə də, adi bir hal idi. Onsuz da illərdən bəri Azərbaycan bəstəkarlarının əsərlərini dünya səhnələrində tanıdırdı, dünya musiqisinin incilərini doğma diyarda sevdirirdi. Lakin Azərbaycanda ilk dəfə ifa olunacaq əsəri müəllifinin adına layiq, musiqisevərlərin də gözlədiyinə yaraşan tərzdə çatdırmaq səhnədəki hər kəsdən çox onun məsuliyyəti idi. Həmin dirijor Xalq artisti, professor Yalçın Adıgözəlov idi.
7-ci simfoniyanı tanıyaq…
Dmitri Şostakoviçin 7-ci simfoniyası hücuma məruz qalmış ölkədə savaşın bitməsindən hələ çox əvvəl (!) ərsəyə gələn, döyüş ruhunu, qələbə əzmini ən dolğun çatdıran, bəlkə də, ən böyük əsərdir.
Bəstəkar 7-ci simfoniyanı 1941-ci ildə qələmə alıb. Əsərin ilk üç hissəsi sentyabr ayında artıq mühasirəyə alınmış Leninqradda yazılıb. Avqustun əvvəlində bəstəkar yaxın dostu, ədəbiyyatşünas İsaak Qlikmanı evinə çağırıb ona düşündüyü simfonik əsərin başlanğıcını göstərmək istəyir və deyir ki, “görünməmiş müharibə tüğyan edirsə, bəlkə də bu əsər kimsəyə lazım olmayacaq”. Amma bəstəkar dostu üçün royalda faşist hücumunu təsvir edən hissələri çalır və musiqi başa çatınca hər ikisi öz həyəcanını gizlədə bilmir. Hər ikisi susur və birdən Dmitri öz fikrini bildirir: “Mən bilmirəm, bu əsərin taleyi necə olacaq, bəlkə də, tənqidçilər məni qınayacaqlar ki, Ravelin “Bolero”suna oxşayır. Qoy qınasınlar, mən müharibəni belə eşidirəm”.
Sentyabr ayında cəmi bir neçə günün içində Şostakoviç simfoniyanın ikinci hissəsini bitirir və üçüncü hissəni yazmağa başlayır. Hava həyəcanı siqnalı veriləndə ailəsi ilə sığınacağa düşən bəstəkar orada çox qala bilmir və mənzilinə tələsik qayıdır ki, əsər üzərində işini davam etdirsin. Bəstəkar öz işləmək həvəsinə özü də məəttəl qalır: “Lap cəhənnəm təntisi ilə işləyirəm, özümü saxlaya bilmirəm”.
Şostakoviç 7-ci simfoniyanı ailəsi ilə birlikdə təxliyə olunduğu Samara şəhərində tamamlayır. Simfoniya bu şəhərə köçürülmüş Moskva Böyük Teatrı orkestrinin ifasında ilk dəfə səslənir.
***
O zaman tanınmış yazıçı Aleksey Tolstoy bu əsər haqqında belə yazmışdı: “Yeddinci simfoniya insanda insanlığın təntənəsinə həsr olunub. Qismən də olsa, Şostakoviçin musiqi təfəkkürünün izini tutmağa çalışaq – Leninqradın tük ürpərdən qaranlıq gecələri, partlayışların gurultusu, yanğınların ərşə qalxan alovu, yanıq qoxusu onun belə bir açıq məzmunlu əsər yazmağına səbəb olub...
Samaradan sonra 7-ci simfoniyanın Moskva və Novosibirsk premyeraları baş tutdu. Amma qəhrəmanlığa bərabər premyera mühasirəyə alınmış Leninqradda, ünlü dirijor Karl Eliasberqin idarəsilə Leninqrad filarmoniyasında olmuşdu. Monumental simfoniyanı böyük orkestr heyəti ilə ifa etmək üçün hərbi hissələrdən musiqiçilər çağırmışdılar. Bəzi musiqiçiləri isə məşqlərə başlamazdan öncə hospitalda yatırtmaq lazım gəlmişdi – onların doyunca yeməyə, bəzi xəstəliklərini sağaltmağa ehtiyac var idi. Konsert günü – 9 avqust 1942-ci il tarixində mühasirədə olan şəhərin bütün artilleriya qüvvələri düşmənin atəş nöqtələrinin susdurulmasına yönəldilmişdi: tarixi premyeraya heç nə maneə olmamalıydı.
Filarmoniyanın ağ sütunlu salonu arıq, artıq nimdaş geyimli, solğun bənizli insanlarla dolu idi. Səsgücləndiricilər konsertin avazını bütün şəhərə yayırdı. Konsert həm də radio ilə canlı yayımlanırdı. Deməli, şəhəri mühasirəyə almış alman qoşun bölmələri də konserti dinləyirdilər.
Uzun illər sonra Leninqrad şəhəri və onun insanları barədə xatirələri kitab halına gətirən Vladimir Jeltovun “Yaşadığı üçün sağ qalan şəhər” toplusunda belə bir xatirə yer alacaqdı. İllər sonra Almaniyadan gəlmiş iki turist Leninqradda Karl Eliasberqlə görüşərkən belə bir etiraf edəcəkdilər: “O vaxt, 42-ci il avqustun 9-da biz başa düşdük ki, müharibəni uduzacağıq. Biz sizin aclığa, qorxuya, hətta ölümə də qalib gəlməyə qadir gücünüzü həmin musiqidə hiss etdik”.
7-ci simfoniya və biz
Biz müharibəni görmüş, canımızla, qəlbimizlə hiss etmiş xalqıq.
Biz savaş itkilərinin ürəyimizdə açdığı yarası hələ qaysaq tutmamış xalqıq. Nə gözəl ki, həm də qalib xalqıq. Bu üzdən Dmitri Şostakoviçin 7-ci simfoniyası həm də bizim yaxın tariximizin musiqi dilində söylənilən hekayəsi ola bilər.
Simfoniyanın birinci hissəsində epik xarakterli çox aydın, nikbin ruhlu melodiya səslənir. Musiqi irəlilədikcə sakit laylayı, beşik nəğməsini xatırladır. Bu məqamlarda dilbər Qarabağda insanların rahatlıq, hüzur içində həyatı, yaşıllıqların özü kimi dinclik dolu güzəranının xoş avazları qulağa çatır. Lakin uzaqlardan təbil tappıltısı eşidilməyə başlayır. Səs gücləndikcə həyatın nizamı pozulur: qonşu namərdliyi hücum epizoduna keçir. Epizodun başlanğıcı ilk akkordlarda zərərsiz təsir bağışlayır. Lakin mövzu on bir dəfə təkrarlanır. Təkrarlandıqca da melodiyaya yeni alətlər qoşulur, səslər çoxalır və tükürpərdən ölüm maşınının yaxınlaşdığını bildirir. Nikbin notlar bədbin minor səslərə keçir. Bu səslərin içində yurdundan perik düşənlərin həsrəti, Xocalı soyqırımı qurbanlarının harayı, yaralıların iniltisi var sanki. Musiqinin səslənişində bir hiddət acısı var: simli alətlərlə zərb alətlərinin qüdrətli tandemi ruhu üşüdür, bəlanın, fəlakətin kədəri musiqi sədasına dönərək qulaqlardan qəlbə süzülüb onu üşüdür. Birinci hissənin başlanğıcında sanki laylay çalan nəfəs alətlərinin sədası ağı kimi səslənir.
İkinci hissədə ehtiraslar bir qədər səngimiş kimi səslənir. Simli alətlərin səsləndirdiyi mövzuda kədər və həsrət bir-birinə qarışıb, sanki köçkün həyatı yaşayan insanların özləri ilə boyaboy gəzdirdikləri nisgilin izharını eşidirsən. Nəfəs alətləri ard-arda simli alətlərə qoşulduqca notların səslənişi codlaşır, sakit bir oyanış başlayır.
Üçüncü hissə həlak olanların xatirəsini yaşadan rekviyem kimi başlayır. Zaman irəlilədikcə, bu hissə məntiqi sonluğa doğru getdikcə savaş qurbanlarına sayğının səslənişi dramatizmlə gərginləşir. Bu hissəni keçmiş haqqında xatirə, əvvəlki hissələrdə səslənmiş faciələrə münasibət kimi də qavramaq olar.
Final – davamlı toparlanaraq müzəffər orduya çevrilən, əldən verdiyi mövqeləri şücaətlə çarpışıb özünə qaytaran xalqın əzəmətinin nümayişidir. Sanki zülmətin içində qarşısıalınmaz enerji ilə dolu əsas mövzu yetişir. Alət qrupları bir-birinə qoşulduqca mövzu mübarizənin, xalq qəzəbinin obrazına çevrilir. Sonluq sülh və qarşıdakı qələbənin rəmzi kimi səslənir.
***
Gerçəkdən də, Dmitri Şostakoviçin 7-ci simfoniyasını Yalçın Adıgözəlovun idarəsi ilə bizim iki sanballı orkestrin ifasında dinləməyə dəyərdi. Sözün gerçək mənasında, möhtəşəm ifanın, səslənişin arxasında gərgin zəhmət, böyük istedad, sənətinə sonsuz bağlılıq, yaradıcı kollektivi idarə etmək bacarığı durur.
Birnəfəsə ifadan sonra salonu titrədən alqış səsləri uzun müddət kəsmədi. Maestro Adıgözəlov əsl rəhbər səxavəti ilə minnətdarlıq səslərini dəqiqələrdən bəri onun hər jestini, sehrli çubuğunun hər titrəyişini diqqətlə izləyib musiqi sədasına çevirən musiqiçilərlə paylaşdı. Həm də necə! Konsert boyunca onun “belə çal” komandasını dəqiqliklə yerinə yetirən alət qruplarını ayağa qaldırıb alqışın əsl ünvanının onlar olduğunu onların özlərinə, huşyarlıqla orkestri dinməzcə dinləyən bizlərə də anlatdı.
Deyə bilmərəm ki, D.Şostakoviçin ruhumuzu uçuran, vücudumuzu uçunduran bu əsəri tez-tez səhnəmizdə səslənəcək. Çünki bu, bir neçə cəhətdən bir qədər qəliz məsələdir. Amma 7-ci simfoniyanın, böyük rus şairəsi Anna Axmatovanın adqoydusundan sonra “Leninqrad simfoniyası” adlanan əsərin orkestrlərimizin repertuarında olması artıq bir keyfiyyət göstəricisidir.
Gülcahan Mirməmməd