Bu məkanlar eyni zamanda potensial turizm ünvanlarıdır

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı» təsdiq edilib. Milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq qəbul edilən Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Proqramda da qeyd olunur ki, hazırda ölkə ərazisində 6308 tarix və mədəniyyət abidəsi, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu var. Bəs bu məkanlarda çalışmaq üçün ixtisaslı kadrların sayı yetərlidirmi? Dövlət Proqramının icrası məqsədilə bu istiqamətdə hansı işlərin görüləcək?
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, təhsil müəssisəsində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, bərpası və təbliği üzrə kadrlar hazırlanır: “Bu sahədə elə spesifik fənlər var ki, sırf tarixi abidələrin bərpası ilə bağlı məqamları öyrədir. Əvvəllər biz bu fənlərin tədrisində kadr problemi yaşayırdıq. Amma son dövrdə açılan muzeylərdəki yeniliklər, tarixi abidələrin bərpası sahəsində həyata keçirilən tədbirlər bizə imkan verdi ki, bu sahədə ekspertlərlə əlaqələr qura bilək».
Həmsöhbətimiz bildirdi ki, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə ən yüksək bal toplayan tələbələr qəbul olunur: “Bu ixtisas üzrə məzun olanlar muzeylərdə, qoruqlarda həm bələdçi, həm də mütəxəssis kimi işləyirlər. İstərdik ki, bu ixtisas üzrə ATİ-də təhsil alan tələbələr öz təcrübələrini bərpaçı mütəxəssislərin, ekspertlərin yanında köməkçi kimi keçsinlər. Bu, onların peşəkar kimi yetişməsinə böyük kömək olar. Ölkəmizdə hazırda bərpası nəzərdə tutulan çoxlu sayda abidə var. Onlar həm də potensial turizm məkanlarıdır».

Almaniyanın təcrübəsini öyrənirik

Dövlət Proqramı qəbul edildikdən sonra muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə qəbul planının artırılıb-artırılmayacağı məsələsinə gəldikdə, prorektor bildirdi ki, bununla bağlı hələlik göstəriş yoxdur: «İldə bu ixtisas üzrə 20 nəfərin qəbulu həyata keçirilir. Əslində qəbulu genişləndirmək istəyirik. Amma institutumuzun mövcud maddi-texniki bazası bizə bu imkanı vermir. Xüsusilə istəyirik ki, muzeyşünaslıq ixtisasını bərpaçı, abidələrin yenidən qurulması istiqamətləri üzrə genişləndirək. Bəzi tarixi abidələrimizin bərpası üçün xüsusilə muzeyşünaslıq ixtisası üzrə Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq etmişik. Bir neçə il əvvəl Gədəbəy rayonundakı Siemens körpülərinin, rayon mərkəzində Siemenslərin irsinə aid binaların bərpası və o ərazinin açıq muzeyə çevrilməsi, buraya alman turistlərin cəlb olunması məqsədilə ATİ-nin bir qrup mütəxəssisi ilə Yade Universitetinin mədəniyyət mühəndisliyi bölməsində olduq. Almaniyada bərpaçılıq məktəbi çox güclüdür. Onların daşınan və daşınmaz tarixi abidələri, irsi, əsərləri necə peşəkarlıqla bərpa etdiklərini gördük. Almaniyalı mütəxəssislər xüsusi lazer aparatları ilə bu abidələrin virtual görüntülərini yaradırlar, sonra onları həmin görkəmdə bərpa edirlər. Biz bu sahədə müəyyən tədqiqatlar apardıq və gəldiyimiz qənaət ondan ibarət oldu ki, həmin o laboratoriyalardan biz də ATİ-də quraq. Eyni zamanda həmin ixtisas üzrə kadr hazırlığını genişləndirək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tövsiyəsi ilə iki istiqamət müəyyənləşdirmişik. Bunlardan biri mədəniyyət menecmentidir. Bu, mədəniyyət müəssisələrində idarəedici kadrların hazırlanmasını nəzərdə tutur. Çünki hazırda Azərbaycanda çoxlu muzeylər, teatrlar təmir olunur, amma burada marketinq və menecment işinin təşkilində müəyyən problemlər olur. Digər ixtisas muzey və abidələrin qorunması, bərpası üzrə ekspertdir».

Bu ixtisas üzrə təhsil alanların işlə bağlı problemi olmur

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Rafiq Sadıqovun sözlərinə görə, hər il muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə universitetə 30-dək tələbə qəbul edilir. Təhsil ocağında bu ixtisas üzrə ayrıca kafedra fəaliyyət göstərir: «Bu ixtisasla əlaqədar xüsusi tədris proqramı hazırlanıb, tədrisin yüksək səviyyədə keçirilməsi üçün dərsliklər yazılıb. Tələbələrimiz Azərbaycanın müxtəlif bölgələrində təcrübədə olur. Onlar Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlərdə və elmi konfranslarda da yaxından iştirak edirlər. ADMİU bu sahədə təkcə bakalavr pilləsində yox, magistr pilləsində də kadr hazırlığı aparır. Bir məqamı da diqqətinizə çatdırım ki, əksər hallarda 400-dən yuxarı bal toplayan abituriyentlər məhz bu ixtisası seçirlər. Çünki onların məzun olduqdan sonra iş tapmaqla bağlı problemləri olmur».
Rafiq Sadıqov qeyd etdi ki, kadrların peşəkar hazırlanması məqsədilə tələbələrin diplom və dissertasiya müdafiələrində universitet rəhbərliyi qoruqlardan, muzeylərdən mütəxəssislər dəvət edir: «Bunu həm də ona görə edirik ki, onlar özlərinə lazım olan kadrları seçə bilsinlər. Onlarla yaxından əlaqə qursunlar. Eyni zamanda tələbələrin muzey və qoruqlarda istehsalat və tədris təcrübəsi keçməsi üçün bu əlaqələrin yaranması vacibdir. Yalnız bu zaman məzunlarımız bilikli, təcrübəli, muzey işini dərindən bilən mütəxəssislər kimi yetişə bilər».

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar