Masallı rayon Mərkəzi Kitabxanasında şair, mütəfəkkir Məhəmməd Hadinin (1879–1920) anadan olmasının 145 illiyinə həsr olunmuş “Azərbaycan romantizminin görkəmli nümayəndəsi” adlı tədbir təşkil edilib.

Çıxış edənlər Məhəmməd Hadinin Şamaxıda anadan olduğunu, ərəb və fars dillərini, Şərq ədəbiyyatını, tarix və fəlsəfəni öyrəndiyini bildiriblər. Qeyd olunub ki, Məhəmməd Hadi 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələdən sonra Kürdəmirə köçüb, orada məktəb açaraq müəllimlik edib, yaradıcılıqla məşğul olub. Şairin “Lövhi-məktəb” adlı ilk şeiri 1905-ci ildə “Həyat” qəzetində dərc edilib. Vurğulanıb ki, M.Hadi əsərlərində klassiklərin ənənələrini davam etdirib, dövrünün ictimai-siyasi hadisələrinə öz münasibətini bildirib. Maarifpərvər və vətənsevər ziyalı kimi dövri mətbuatda da fəal çıxış edib.