Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış bəstəkar Ələkbər Tağıyevin (1924–1981) mahnılarından ibarət konsert proqramı təqdim edilib. Musiqi axşamı bəstəkarın anadan olmasının 100 illiyi münasibətilə gerçəkləşib.
Konsertdə teatrın solistləri bəstəkarın populyar mahnılarından ibarət musiqi nömrələri ilə çıxış ediblər. Bir-birindən parlaq ifalar maraqla qarşılanıb. Solistləri teatrın instrumental ansamblı (bədii rəhbər Mirxalid Salayev) müşayiət edib.
Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Sənətkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları xarici müğənnilər tərəfindən də ifa olunub.