Hazırda Özbəkistanın paytaxtı Daşkənddə 5 milyondan çox insan yaşayır və işləyir. Paytaxtın ilbəil artan tələbatını ödəmək üçün hər il 20 mindən artıq mənzilli fondu olan yaşayış binaları, 40-dan çox məktəb, uşaq bağçası və poliklinika tikmək lazımdır.

Özbəkistan mediasının məlumatına görə, bu vəziyyət Böyük Britaniya, Sinqapur, Çin və Türkiyənin mütəxəssisləri ilə birgə hazırlanan şəhərin 2045-ci ilə qədər Baş planı layihəsində nəzərə alınıb.

Layihə paytaxtın ərazisinin tədricən genişləndirilməsini, Çirçik və Korasu çayları arasında sahəsi 25 min hektar olan yeni şəhərin salınmasını nəzərdə tutur. Burada təxminən 2,5 milyon nəfərin yerləşdirilməsi planlaşdırılır.

Birinci mərhələdə çoxmərtəbəli binaların, təhsil və səhiyyə müəssisələrinin, o cümlədən bir sıra nazirliklər, ali məktəblər üçün binalar, mədəniyyət müəssisələri və sosial obyektlərin tikintisi nəzərdə tutulub. “Cross Works” şirkətinin təqdim etdiyi plana hündürlüyü 575 metr olan əkiz qüllələr kompleksinin tikintisi də daxildir.

Plana görə, paytaxt ekoloji cəhətdən daha təmiz, əhali üçün hər cəhətdən rahat şəhərə çevrilməlidir. Yeni Daşkənddə 420 hektar sahədə Mərkəzi park da salınacaq.