Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illik yubileyi qeyd olunub
İyunun 26-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Bakı Bələdiyyə Teatrının baş rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.
Ordumuzun bayramına təsadüf edən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Mərahim Fərzəlibəyovun yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib. Filmdə tanınmış incəsənət xadimlərinin rejissorun yaradıcılığı haqqında fikirləri yer alıb.
Filmin nümayişindən sonra Mədəniyyət Nazirliyinin yubilyar sənətkara təbrik məktubu oxunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, görkəmli rejissorun yubileyi həm də teatr, teatr tariximiz və görkəmli teatr xadimlərimiz haqqında danışmaq üçün daha bir fürsətdir. Çünki onun sənət taleyi bu tarixlə birbaşa bağlıdır. Mərahim Fərzəlibəyov teatr sənətimizdə görkəmli aktyor və dramaturqlarla çalışıb. Rejissor təkcə Xalq yazıçısı İlyas Əfəndiyevin 11 pyesinə səhnə həyatı verib.
Yubiley tədbirində daha sonra Əməkdar incəsənət xadimləri – professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Akademik Opera və Baleti Teatrının baş rejissoru Hafiz Quliyev, polkovnik Abdulla Qurbani və başqalarının çıxışları dinlənilib.
Sənət dostları Mərahim Fərzəlibəyovu xoşbəxt taleli rejissor adlandırıb, onun kino sahəsində fəaliyyətindən də söz açıb, təbriklərini çatdırıblar. Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Milli teatr mükafatı”nı sənətkara təqdim edib.
Mərahim Fərzəlibəyov yaradıcılığına göstərdikləri diqqətə görə gecənin bütün qonaqlarına minnətdarlığını bildirib.
BMM-in solistlərinin ifasında təqdim olunan konsert proqramı yubiley tədbirinə əlavə rəng qatıb.
Qeyd edək ki, Mərahim Fərzəli oğlu Fərzəlibəyov 1949-cu il iyunun 26-da Bakıda anadan olub. Səhnəyə orta məktəbdən maraq göstərib. Leninqradda (indiki Sankt-Peterburq) Dövlət Teatr, Kino və Musiqi İnstitutunun Rejissorluq fakültəsində ali təhsil alıb. Təyinatla 1975–1977-ci illərdə Çeçenistanın Qroznı şəhərindəki M.Lermontov adına Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib.
1977–1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru olub. Sonra taleyini Akademik Milli Dram Teatrına bağlayıb. Burada Azərbaycan və dünya klassiklərinin əsərlərinə uğurla quruluş verib. 2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorudur. “Qəm pəncərəsi”, “O dünyadan salam” və s. filmlərdə yaddaqalan obrazlar da yaradan rejissor, həmçinin bir sıra ekran əsərinə quruluş verib.
Lalə