Milli Kitabxananın dövri mətbuat arxivindən (19)
1978-ci ildə görkəmli şair Mikayıl Müşfiqin 70 illiyi Azərbaycanda geniş şəkildə qeyd edildi. Dövrün mətbuatı da bu mövzuya böyük yer ayırdı.
Mətbuat xronikasından budəfəki seçmə həmin yubileylə bağlıdır. Repressiya qurbanı şair o dövrdə rəsmi mətbuatda oxucuya necə təqdim edilirdi? Yazıda dövrün orfoqrafiyası da saxlanılıb...
Ədəbi-bədii gecə
İyunun 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mikayıl Müşfiqin anadan olmasının 70 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.
Respublika yubiley komitəsinin sədri, Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm gecəni açaraq demişdir: Mikayıl Müşfiq Azərbaycan sovet ədəbiyyatına bu ədəbiyyatın təməlinin qoyulduğu gözəl bir zamanda gəlmişdir. Gənc Sovetlər respublikasına inqilabı onun böyük işinin təntənəsinin tərənnüm etmək, həyatın sosialistcəsinə yenidən dəyişdirilməsindən danışmaq üçün yeni gənc qüvvələr lazım idi. Müşfiq belə nəğməkarlardan biri oldu.
Partiyaya hədsiz sədaqətli olan, əhatəsində yaşadığı aləmi sevən Müşfiq öz yaradıcılığında inqilabi mübarizə pafosunu, beşilliklərin əmək qəhrəmanlığını, xalqın misilsiz hünərini böyük ilhamla əks etdirmişdir. Görkəmli rus sovet yazıçılarından inqilabi ədəbiyyat dərsi alan alovlu vətənpərvər Mikayıl Müşfiq öz qələmi ilə Vətənə, xalqa yorulmadan xidmət etmiş, xalq isə bunun müqabilində ona hörmət və məhəbbətini bildirmişdir.
Zaman keçdikcə Müşfiq poeziyası öz təravətini itirmir. Bu gün də şair bizimlə birlikdədir, mübariz sıralarımızdadır. Onun alovlu şerləri, əvvəllər olduğu kimi, indi də bizi kommunizmin təntənəsi naminə mübarizəyə ruhlandırır.
Süleyman Rüstəm öz çıxışının axırında Müşfiq haqqında yeni şerlərini oxumuşdur.
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi Elçin Mikayıl Müşfiq haqqında danışmışdır. O demişdir: Müşfiq inqilabi sovet poeziyasının elə nümayəndələrindən biri idi ki, onlar yeni proletar incəsənətinin mahiyyətini dərhal başa düşmüşdülər. O özünün bütün yaradıcılığı ilə fəhlə və kolxozçunun əməyini tərənnüm etməyə, onu ilhamlandırmağa çalışırdı. Müşfiq öz ölkəsinin, zəmanəsinin vətəndaşı idi. Həm də bu təkcə onun müasir mövzuda əsərlər yazmasına təzahür etməmişdi. Bu yüksək vətəndaşlıq hissi onun yazdığı bütün əsərlərin leytmotivi olmuşdur.
Gecədə Azərbaycanın xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rza, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri, professor Abbas Zamanov, Samvel Qriqoryan, Hüseyn Arif, Söhrab Tahir, moskvalı şair Valentin Protalin, Mirvarid Dilbazi, Qabil çıxış etmişlər.
Gecənin axırında Azərbaycan incəsənət ustalarının konserti olmuşdur.
“Kommunist” qəzeti, 1 iyul 1978-ci il