Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il üçüncüsü təşkil edilən Mədəniyyət Yolu Festivalının marşrutu ilk dəfə Van şəhərindən keçir. Fərqli mədəniyyətlərin kəsişdiyi qədim şəhər 29 iyun – 7 iyul tarixlərində ölkənin ən böyük festivalının növbəti mərhələsinə ev sahibliyi edir.
Bununla bağlı Van Muzeyində keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyə Mədəniyyət Yolu Festivalını “mədəniyyət və sənətlə birləşmiş turizm” vizyonu üzərində tərtib etdiklərini vurğulayıb. Türkiyənin bənzərsiz mədəni irsinin yaşadılması, daha geniş şəkildə tanıdılması və bu böyük sərvət haqqında məlumatlılığın mümkün olduğu qədər artırılmasını istədiklərini deyən nazir Vanın da belə əhəmiyyətli bir məqsədin bir parçası olduğunu bildirib.
Nazir diqqətə çatdırıb ki, Vanın layiq olduğu yüksək səviyyəli mədəniyyət turizmi şəhərinə çevrilməsi üçün ciddi addımlar atılır və bu məqsədlə bölgə Türkiyə arxeologiyası tarixində ən əhatəli layihə olan “Gələcəyə Miras” layihəsinə daxil edilib. Bundan əlavə, şəhərin qədim hissəsi də bərpa, tikinti işləri ilə canlanır.
Qeyd olunub ki, konsertlər, sərgilər, tamaşalar, təqdimatlar və yerli mətbəx nümayişi ilə dolu doqquzgünlük festival proqramı sənətin hər rəngini, bütün zənginliyini vanlılara və bu günlərdə şəhərin qonağı olanlara çatdıracaq.
Vanda Mədəniyyət Yolu Festivalının əsas səhnəsi Atatürk Mədəniyyət parkında qurulub. İlk gün səhnəyə məşhur müğənni Oğuzhan Koç çıxıb. Festival proqramına Alişan, Mert Demir, Fatma Turqut, Merve Özbek, Cem Adrian, Ferhat Göçer və başqalarının konsertləri də daxildir.
Festival çərçivəsində İran rəssamlarının sərgisi də təşkil edilib. Van Türkiyədə iranlı turistlərin ən çox gəldiyi bölgədir. Festival günlərində də buraya qonşu ölkədən turistlərin böyük axını nümayiş olunur.
Şəhərdə 30-dan çox məkanda ümumilikdə 500-dən çox tədbir nəzərdə tutulub.
Vandan sonra festivalın növbəti marşrutu 3–11 avqust tarixlərində Nevşehir olacaq. Aprel ayında başlayan və noyabrda yekunlaşacaq Mədəniyyət Yolu Festivalının proqramı ümumilikdə 16 şəhəri əhatə edir.
Vüqar Orxan