Azərbaycan Turizm İnstitutu (ATİ) Türkiyə Ali Təhsil Komitəsi (YÖK) tərəfindən formalaşdırılan Mövlanə mübadilə proqramında iştirakla bağlı elan verib.
İnstitutun mətbuat xidmətindən aldığımız məlumata görə, ilkin olaraq mübadilə proqramında 2-ci kursda marketinq, menecment, turizm və qonaqpərvərlik ixtisasları üzrə təhsil alan tələbələr yararlana biləcəklər. Hər ixtisas üzrə 2 tələbə 1 semestr müddətində Ankaradakı Gazi Universitetində və Antalya Akdeniz Universitetində təhsilini davam etdirmək hüququ qazanacaq.
Mübadilə proqramında ATİ-nin müəllim heyəti də iştirak hüququ qazanıb. Sentyabr ayından etibarən marketinq, menecment, turizm və qonaqpərvərlik ixtisası üzrə müəllimlər adıçəkilən universitetlərdə 1 həftə müddətində tədris prosesində iştirak edəcəklər. Eyni zamanda bu universitetlərin müəllimləri bir həftə müddətində ATİ tələbələrinə müvafiq ixtisaslar üzrə mühazirə oxuyacaqlar.
İndiyədək ATİ Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin müxtəlif (Ərdahan, Kastamonu, Sinop, Amasya, Muş, Qars və s.) universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Fəxriyyə