İyulun 1-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovun 70 illiyinə həsr olunan gecə keçirildi.

Gecədə əvvəlcə sənətkarın yaradıcılığına həsr olunan qısametrajlı sənədli televiziya filmi nümayiş olundu. Filmdə görkəmli qələm sahibləri və incəsənət xadimlərindən Xalq şairi Fikrət Qoca, Xalq artistləri Habil Əliyev, Əminə Yusifqızı və başqaları A.Bayramovun sənəti haqqında düşüncələrini bölüşürlər.

Bədii qiraət ustasının özünün aparıcılığı ilə gerçəkləşən gecədə sənət dostları Xalq artistləri Zaur Rzayev, Vamiq Məmmədəliyev, Teyyub Aslanov çıxış edərək sənətkarı təbrik etdilər.

Şeir və musiqinin ahəngində davam edən gecədə Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Qoçaq Əsgərov, Gülüstan Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov, Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı və xanəndə Ayşən Mehdiyeva öz musiqi sovqatları ilə tədbirə rəng qatdılar. Solistləri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə instrumental heyət müşayiət edirdi.

A.Bayramov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, müxtəlif mövzularda şeirlər səsləndirdi.

L.Azəri