İstanbulda “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu” şüarı ilə konsert proqramı keçirilib.

Türkan Saylan adına Mədəniyyət Mərkəzində konsert qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı musiqi müəllimləri – “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri Nazlı Bağırova, Vüsalə Əsgərova və Fidan İsmayılova tərəfindən təşkil olunub.

Proqramda əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.

“Tək Hədəfimiz Təhsil” Birliyinin rəhbəri Cem Yıldırımer Türkiyə ilə Azərbaycan arasındakı tarixin dərinliklərindən gələn dostluq və qardaşlıq münasibətlərinin dünya üçün bənzəri olmayan birlik, həmrəylik modeli olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də sağlam təməllər üzərində inşa edilib və bu dəyərləri qoruyub saxlamaq bizim ali vəzifəmizdir.

Konsertdə Azərbaycan və Türkiyə gənclərinin ifasında iki qardaş ölkənin xalq və bəstəkar mahnıları ilə yanaşı, Avropanın klassik musiqiləri də səsləndirilib.