“Teatr binaları” silsiləsindən növbəti yazı

 

Hər şey ondan başladı ki, milyonçu Hacı Haşım bəy Kərimovun oğlu Əliheydər bəy Yaponiya və Çin səyahətindən Bakıya qayıtdı. Səfərdən dönərkən özü ilə yəqin nələrsə, yəni hədiyyə, suvenir-filan gətirməmiş olmazdı. Amma zaman göstərdi ki, zəngin bəyzadənin Uzaq Şərq səyahətindən gətirdiyi ən böyük və ən maraqlı xatirə oralarda gördüyü memarlıq üslubuna heyranlıq və qulağına xoş gələn kəlmələr imiş.

O zaman təqvimdə 1916-cı il idi…

Bəyzadənin səfər təəssüratından o illərdə artıq neft bumunun adiləşdiyi Bakı da qazandı. Bu qazancın nədən ibarət olduğunu bilmək üçün təqvimi təxminən otuz-qırx il geri çevirmək lazımdır...

XIX əsrin yetmişinci illərində şəhər hökuməti Rusiyadan sürgün edilmiş molokanların Bakının lap ortasındakı daxmalarını, tövlələrini şəhərdən kənara köçürüb boşalan ərazini abadlaşdırmağa qərar verdi. Sonradan “Molokan bağı” (sovet dövründə “9 Yanvar”, indisə “Xaqani bağı” adlanan park) adını alacaq yer yaşıllaşdırıldı və onun ətrafında müxtəlif tikililər yağışdan sonra göbələk kimi artmağa başladı. Əsrin sonuna yaxın bu ətraf nizamsızlıq üzündən bir növ Bakıdakı bütün memarlıq üslublarının bir-birinə qarışdığı məkan idi. Yaşayış evləri, ticarət obyektləri ilə yanaşı, burada fərqli binalar da inşa edilmişdi. Elə həmin vaxtlarda, Molokan (indiki Xaqani) küçəsi ilə Praçeçnaya, yəni Camaşırxana (indiki Qoqol) küçəsinin tinində Bakı milyonçusu, tacir Hacı Haşım bəy Kərimov da anbar kimi istifadə edilmək üçün bina tikdirmişdi. Bina görkəmindəki heç bir bəzəyi, detalı ilə diqqəti çəkmirdi. Adi anbar binası idi. Yəqin ki, nə zamansa bu anbar binası söküləcəkdi və ondan da bir xatirə qalmayacaqdı, əgər…

Əgər Əliheydər bəyin ideyası olmasaydı. Səyahət etməyi xoşlayan Əliheydər bəy Çin və Yaponiya səyahətindən aldığı təəssüratın təsiri ilə belə qərara gəlir ki, zamanla ayaqlaşmaq lazımdır, bu niyyətlə də anbarı sinematoqrafa çevirdi. Əslində, buna yenidənqurma demək günah olardı, dəbdəbəli üslub dəyişikliyindən sonra bina yapon-Çin üslubunda paqodaya (Uzaq Şərq memarlığında geniş yayılan, hər mərtəbəsinin karniz-damı olan çoxmərtəbəli tikili – red.) çevrildi. Düzdür, binanın ölçüləri dəyişməmişdi, tikilinin “Molokan bağı”na çıxan tinin damı paqoda kimi həll edilmişdi.

“Mikado” 1916-cı il dekabrın 26-da açıldı. Bina rəsmi olaraq “Mikado” böyük bədii kino-teatrı adlandırıldı. O zamanlar kinolentlərin nümayiş olunduğu teatrları məhz kino-teatr adlanlırır və bu söz defis ilə yazılırdı. Dövrün populyar qəzetlərindən olan “Kaspi”də “Mikado”da tamaşaların göstərildiyi barədə elanlar dərc olunurdu.

***

1917-ci ildə Bakıda ilk dəfə “Mikado”da kiçikyaşlı məktəblilər üçün elmi-öyrədici kinematoqrafik seans keçirildi.

Azərbaycan Cümhuriyyəti dövründə (1918–1920) “Mikado” binasında qismən klub, qismən teatr kimi fəaliyyət göstərən “Pel-Mel” (qat-qarışıqlıq, nizamsızlıq, necə gəldi mənasında işlədilir) klubu fəaliyyət göstərdi. Burada Rusiyadan və digər ölkələrdən gələn həvəskar aktyorlar və musiqiçilər çıxış edirdilər.

1920–1923-cü illərdə binada yeni yaradılan və sovet təbliğatına xidmət edən Bakı Azad Tənqid və Təbliğ Teatrı fəaliyyət göstərdi. Yazının mövzusu başqa olduğu üçün bircə bunu qeyd edək ki, 1923-cü ildə teatrın adı dəyişdirilib Bakı İşçi Teatrı adlandırıldı. Məhz bu kollektiv sonradan Azərbaycan Dövlət Rus Dram Teatrı ismini daşıyacaqdı. Elə buradan məlum olur ki, maraqlı tamaşaları ilə Azərbaycanın ikidilli teatrallarını özünə cəlb edən, yaxın-uzaq xaricdə milli teatr sənətimizi layiqincə təmsil edən bu kollektiv nə az, nə çox, düz 104 ildir ki, bu binada məskunlaşıb.

Hələliksə, təqvimdə 1928-ci ildir və Bakı İşçi Teatrının binasına əl gəzdirilir. Deyəsən, bizim olmayan bu paqoda sovet rəhbərliyinin gözlərini yaman yorurmuş. Binanın Şərq üslublu fasadı tamamilə dəyişdirilir, eksteryerə bəzi hissələr artırılır və… bu bərpadan sonra tikilini görənlər onu ən yaxşı halda fabrikə, ən pis halda isə həbsxanaya oxşadırlar. Yapon dilində fəxri, uca anlamı verən mikadoya oxşarlıqdan əsər-əlamət qalmır.

Kərimovun anbarından yadigar qalmış birinci mərtəbənin köhnə tağ pəncərələrinə toxunmasalar da, onları ya daşla hördülər, ya da ağır taxta qapılarla qapadılar. İkinci mərtəbənin də pəncərələri ixtisara düşdü. Təkcə küncdəki paqodanın yerində üçlaylı pəncərə qoyuldu, bir də fasada baxan hissəyə şüşə salındığı üçün pəncərəyə oxşayan dörd dəlik açıldı.

Binaya artırılan üçüncü mərtəbə, sadəcə, daşla hörülmüş mənasız divardan başqa bir şey deyildi. Əlbəttə, təxminən yüz ildən sonra o illərin eksperimental layihələri barədə fikir yürütmək asan görünür. Hər şeyi ideallaşdırmağa meyilli olanlar bu dəyişikliyi hansısa futuristik layihə kimi də dəyərləndirə bilərlər.

Şükürlər olsun ki, binanın xaricinə edilən qəribə və kobud dəyişiklik binanın içində, xüsusən də səhnəsində təkrarlanmırdı. Düzdür, bütün Sovet İttifaqındakı teatrlarda olduğu kimi, burada da dövrün ideoloji tələblərinə cavab verən pyeslər oynanılırdı, amma hər halda, kollektivin peşəkarlığı, repertuarda daim Azərbaycan və dünya klassiklərinin əbədiyaşar mövzularda qələmə aldıqları əsərlərin olması tamaşaçıları teatrdan uzaqlaşmağa qoymurdu.

***

…1945-ci ildə müharibə başa çatandan sonra teatrda təmir işləri görülür. Təəssüf ki, həmin təmir barədə heç bir fakt qalmayıb. Nəhayət, 1962–64-cü illərdə binada köklü rekonstruksiya işləri görülür. O zaman Bakıda modernizm cərəyanını yaxşı tətbiq etməyi bacaran xeyli memar çalışırdı. Rus Dram Teatrının binasının təmir və bərpa işləri onlardan ikisinə – Xanım Rəhmanovaya və İvan Sarkisova həvalə edilir. Binanın özülü və ana divarları XIX əsrdə inşa edilmiş anbardan qalsa da, onun xarici görkəmində nəzərəçarpacaq dəyişiklik edilir. Teatr binası o illərin sovet moderni görkəmini alır.  Tamaşa salonunda da xeyli dəyişiklik edilir: lojalar, beletaj, benuar-loja götürülür. Əslində bu, teatr rəhbərliyinin istəyi idi. Çünki tamaşaçılar davamlı olaraq sütunların arxasına düşən yerlərdən və benuar lojalardan səhnəni rahat seyr edə bilməməkdən şikayətlənirdilər.

O zaman postsovet ərazisində sovet konstruktivizmi dövrü başlamışdı və Rus Dram Teatrının tamaşa salonu müvafiq ruhda tərtib edilir: ciddi, sadə, qondarma zərifliksiz. Əvvəlki interyerdən qalan amfiteatr, bir də salonun hər iki tərəfində, səhnəyə yaxın iki loja olur. Yeri gəlmişkən, Rus Dram Teatrının salonu bu gün də məhz bu görkəmdə tamaşaçılarını qarşılayır.

Binanın eksteryerinə gəlincə, o, nə milyonçu Kərimovun anbarına, nə “Mikado” teatrına, nə də onların iyirminci illərdəki eybəcər oxşarına bənzəyirdi. Simasız, düzbucaqlı, paytaxt teatrından daha çox hansısa şirkət nəzdindəki Mədəniyyət evinə oxşayan tikili ortaya çıxmışdı.

***

Nəhayət, 2006-cı ildə Rus Dram Teatrı iki il müddətinə təmirə bağlanır. Dövlət başçısı İlham Əliyevin teatr binalarının əsaslı təmiri barədə müvafiq sərəncamına əsasən, binanın tam texniki yenilənməsini nəzərdə tutan əsaslı təmir başlanır.

Fasadın yenilənməsindən işıqlandırma avadanlıqlarınadək müasir bina atributlarından istifadə olunur. Əslində, 80-ci illərdə teatr binasında aparılan cari təmirdə də fasada müasir görkəm verilmişdi, amma hər halda, o keyfiyyət 2008-ci ildəki texnologiyadan uzaq idi.

Təmir başlayanda binanın təkcə divarları və dam örtüyü saxlanılır. Əslində, binanın tavanı da çürümüşdü. Bu səbəbdən də görüləcək işlərin həcmi artırılır. Dam örtüyü, xidməti otaqlar, səhnənin texniki təchizatı yenilənir. Əsaslı təmir müddətində kollektiv teatrın qonşuluğundakı Xəzər Dənizçiləri Mədəniyyət evinin binasında çalışıb, tamaşalarını oynayırdı.

Nəhayət, 26 may 2008-ci il tarixində Azərbaycan Dövlət Rus Dram Teatrının əsaslı təmirdən çıxmış binasının açılışı oldu. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.

***

Səyahətlərin maddi xatirələri müxtəlif olur: suvenir, geyim, yol qısadırsa, lap ləziz bişmiş, şirniyyat da bir xatirədir. Amma əllə toxunulası, istifadə ediləsi hər nə varsa, işlənir, dağılır, hətta qarət də edilir. Eynilə cavan Əliheydər bəy Kərimovun uzaq Yaponiya, Çin səyahətindən gətirdikləri kimi. O səfərdən bu günümüzə gəlib çatan bircə teatr binasıdır ki, o da dəfələrlə məruz qaldığı yenidənqurmalardan sonra görkəmini dəyişib. Amma ad… Mikado – yapon dilində fəxri, uca mənasını verən bu kəlmə məhz sənətə yaraşan sözdür.

Gülcahan Mirməmməd