Xəbər verdiyimiz kimi, 27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilib.
80-ə yaxın ölkənin təmsil olunduğu forumda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti də iştirak edib. İfaçılarımız II Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində təşkil edilən muğam müsabiqəsinə qatılıblar.
İyunun 30-da müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Mükafatları Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və Cizzax vilayətinin hakimi (icra başçısı) Erqaş Saliyev təqdim ediblər.
Qeyd edək ki, müsabiqənin beynəlxalq münsiflər heyətində Azərbaycanı Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təmsil edib. Münsiflər heyətində Tacikistan, Misir, ABŞ, Hindistan, Türkiyə və Özbəkistandan mütəxəssislər yer alıb.
“Ən yaxşı muğam ifaçısı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı muğam sənəti müəllimi”, “Ən yaxşı muğam təbliğatçısı”, “Ən yaxşı gənc ifaçı”, “Ən yaxşı muğam bəstəkarı”, UNESCO, ICESCO və TÜRKSOY-un mükafatları təqdim olunub.
Müsabiqənin Qran-pri mükafatına İranın “Force” ansamblı, I yerə ansambl üzrə Özbəkistan Maqom Milli İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına “Maqom” ansamblı və solo ifa üzrə isə Tacikistan Milli Konservatoriyasının solisti Xurşid İroximzoda layiq görülüb.
Ölkəmizi təmsil edən “Vətən” muğam qrupu – Nisbət Sədrayeva, Səfalı Mirzəliyev (hər ikisi xanəndə), Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) TÜRKSOY-un mükafatı ilə təltif olunub. Onlara festivalın diplomu, hədiyyələr və pul mükafatı təqdim edilib.