İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılış mərasimi olub.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi auditoriyanın iki ölkə arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrə töhfə olduğunu söyləyib. Bildirib ki, bu mərkəz ərəb dilini dərindən öyrənmək, BƏƏ haqqında məlumat əldə etmək istəyən gənclərin maraq məkanına çevriləcək.

Səfir auditoriyanın açılışına göstərdiyi dəstəyə görə universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib.

ADU-nun rektoru akademik Kamal Abdulla universitetdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının fəaliyyətə başlamasını yeni elmi və mədəni əlaqələrin təməli kimi qiymətləndirib. Qeyd edib ki, auditoriya dost ölkənin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradacaq.